2024-cü ildə Azərbaycanın sığorta sektorunda yığılan haqlar artsa da, artım məhdud sayda şirkət hesabına baş verib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.
Sənədə əsasən, sığorta sektoru artım potensialını reallaşdırmaqdadır: “Ötən il toplanmış sığorta haqları əvvəlki ilə nisbətən 10,6 % (130 milyon manat) artaraq 1 milyard 353 milyon manata çatıb. Sığorta haqların 54 %-i həyat sığorta siniflərindən, 46 %-i isə qeyri-həyat sığorta siniflərindən formalaşıb. Həyat sığortası üzrə yığım 16,7 % artaraq 734 milyon manat, qeyri-həyat sığortası üzrə isə 4,4% artaraq 619 milyon manat təşkil edib. Həm həyat sığortası, həmdə qeyri-həyat sığortası üzrə artımın əsas qüvvəsi könüllü sığorta sinifləri olub. Könüllü sığorta sinifləri 13,9 % (123 milyon manat) artaraq 1 milyard 11 milyon manat, icbari sığorta sinifləri isə 2,4 % (8 milyon manat) artaraq 342 milyon manat təşkil edib. Könüllü sığorta siniflərində artımı şərtləndirən əsas amil həyatın yaşam sığortası sinfi olub. Belə ki, könüllü sığorta üzrə artımın 76 %-i (94 milyon manat) məhz bu sinif hesabına formalaşıb”.