Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. SİA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu sözləri “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən “AMANAT” partiyasının İcra katibi Daulet Kəribek tədbir iştirakçıları ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın ürəyi, tarixi ədalətin bərpasının simvolu olan Şuşada yenidən görüşməkdən məmnunluq duyduğunu deyib.
O, Yeni Azərbaycan Partiyasına ənənəvi qardaşlıq qonaqpərvərliyinə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. Bu, şəhərin dialoq, həmrəylik və əməkdaşlıq platforması kimi artan rolunun bariz göstəricisidir: “Konfransın Azərbaycan tarixinin mühüm günlərindən biri – Milli Qurtuluş Günü ərəfəsində keçirilməsi də rəmzi xarakter daşıyır. Məhz 32 il əvvəl Heydər Əliyev Azərbaycan xalqını və dövlətçiliyini parçalanmaqdan xilas etmiş, ictimai-siyasi sabitliyi bərpa etmişdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, Heydər Əliyev müasir, dinamik inkişaf edən Azərbaycanın memarı hesab olunur. Onun müdrik rəhbərliyi altında ölkədə dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirildi. Bu çətin və mürəkkəb yolu keçərək Azərbaycan böyük irəliləyişə nail oldu və dünya birliyinin nüfuzlu üzvünə çevrildi. Heydər Əliyevin həyatı xalqa fədakar xidmət nümunəsidir.”
“AMANAT” partiyasının İcra katibi Azərbaycanın davamlı inkişaf etdiyini və beynəlxalq nüfuzunun gücləndiyini vurğulayıb. Onun sözlərinə görə, ölkə özünün memarı Heydər Əliyevin arzuladığı uğurlara çatmaqdadır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu önə çəkən D. Kəribek vurğulayıb ki, artıq bir neçə ildir Milli Qurtuluş Günü məhz Şuşada qeyd olunur: “Panel sessiyamızın başlığına diqqət yetirsək, əsas məqam yeni dövr anlayışıdır. Doğrudan da, bir neçə il əvvəl az ehtimal edilən bir çox məqamlar bu gün artıq narahatedici reallıq olaraq gündəmdədir. Təəssüf ki, yeni dövr sakit şəkildə keçmir. Ekspertlərin fikrincə, 2024-cü il İkinci Dünya müharibəsindən sonra ən çox münaqişə yaşanan il olub, dünyada silahlı qarşıdurmaların sayı artmışdır. Müxtəlif qiymətləndirmələrə görə, 50 ölkədə aktiv münaqişələr qeydə alınıb. Narahatlıq doğuran məqam isə, bu qarşıdurmaların əsasının dəyərlər toqquşmasının təşkil etməsidir. Bu isə qarşıdurmaların uzunmüddətli və çətin xarakter daşımasına səbəb olur”.
D.Kəribek bildirib ki, eyni zamanda, insanlıq artan iqlim çağırışları ilə də üz-üzədir. “Müşahidələrə görə, 2024-cü il ən isti il olub. Bu isə tək xəbərdarlıq siqnalı deyil. Ötən il çoxsaylı təbii fəlakətlər – daşqınlar, qasırğalar, yanğınlar baş vermişdir. Təsadüfi deyil ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 iqlim tədbirində çıxış edən BMT Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizədə təxirəsalınmaz addımlar atmağa çağırış etdi. Münaqişələr və iqlim dəyişikliyi nəticəsində bu il BMT-nin proqnozlarına görə 305 milyon insana humanitar yardım lazım olacaq”.
Bu gün siyasi partiyaların əhəmiyyətinin və rolunun daha da artığına diqqət çəkən “AMANAT” partiyasının İcra katibi partiyalararası dialoq vasitəsilə ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndiyini deyib. “Parlament çoxluğunu təmsil edən partiya kimi “AMANAT” partiyalararası tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir. Xüsusilə, Rusiya, Çin, Türkiyə, Özbəkistan, Tacikistan, Vyetnam və Azərbaycan partiyaları ilə əməkdaşlıq gücləndirilir. Bunu intensiv partiyalararası təmaslar, qarşılıqlı səfərlər və əməkdaşlıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi təsdiqləyir. Ötən il “AMANAT” və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq haqqında imzalanmış Memorandum partiyalararası qarşılıqlı fəaliyyətin möhkəmlənməsinin parlaq nümunəsidir. Sənəd partiyalararası dialoqun dərinləşməsinə, dostluq və mehriban qonşuluq münasibətlərinin güclənməsinə xidmət edir”, -deyən D.Kəribek bu cür əlaqələrin möhkəmləndirilməsinin regionun inkişafı və təhlükəsizliyi məsələlərində ortaq yanaşmaların formalaşmasına, qarşılıqlı etimad və anlayış atmosferinin yaranmasına töhfə verdiyinə əmin olduğunu bildirib.
Ziya Hikmətoğlu