“Bu il Şuşa şəhərində keçirilən Yeni Azərbaycan Partiyasının növbəti beynəlxalq konfransı müasir dövrün çağırışlarını və qlobal trendləri özündə əks etdirən olduqca əhəmiyyətli bir tədbirə çevrildi. Bu konfrans təkcə siyasi deyil, həm də strateji baxımdan mühüm mərhələ kimi qiymətləndirilə bilər. Artıq konfransın ilk mərhələsi uğurla başa çatıb və bir neçə dəqiqə sonra növbəti sessiya başlayacaq”. Bu sözləri SİA-ya açıqlamasında konfransda iştirak edən millət vəkili Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, iştirakçıların sayı və tərkibi baxımından builki tədbir əvvəlkilərlə müqayisədə daha zəngin və daha əhatəli oldu. Burada bir çox ölkələrin, xüsusən də dövlət səviyyəsində təmsil olunan nümayəndə heyətlərinin iştirakı müşahidə olunur ki, bu da tədbirə olan beynəlxalq marağın ildən-ilə artdığını göstərir: “Bu marağın artması isə tamamilə təbiidir. Çünki Azərbaycanın Şuşa şəhərində belə bir mötəbər beynəlxalq tədbirin keçirilməsi, onu ənənəyə çevirmək niyyəti, ölkəmizin regional və qlobal səviyyədə artan nüfuzunu bir daha nümayiş etdirir.
Konfrans çərçivəsində yalnız Azərbaycanla bağlı məsələlər deyil, eyni zamanda türk dilli dövlətləri birləşdirən ümumi problemlər, aktual sosial, iqtisadi və siyasi məsələlər də müzakirə olunur. Bu da tədbirin əhatə dairəsini və əhəmiyyətini daha da artırır.
Düşünürəm ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi gələcək illərdə də davam edəcək və hər il daha geniş sferanı əhatə edəcək. Belə konfranslar yalnız ideya və fikir mübadiləsi üçün yox, həm də tərəfdaş ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından olduqca vacibdir”.