“Şuşada keçirilən ənənəvi konfrans bu gün dünyada mövcud olan ən aktual problemlərdən birinə həsr olunmuşdur”. Bu sözləri Şuşada keçirilən “Yeni dünya nizamı və mümkün əməkdaşlıq prespektivləri” mövzusunda keçirilən konfransda SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, konfransın əsas mövzusu “Yeni dünya nizamı və mümkün əməkdaşlıq perspektivləri” olub və bu istiqamətdə olduqca maraqlı çıxışlar səsləndirilib. Tədbirdə iştirak edən nümayəndələrin əksəriyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələri təmsil edən, eyni zamanda Azərbaycanla ikitərəfli münasibətləri ən yüksək səviyyədə olan dost və qardaş ölkələrin nümayəndələri idi: “Bu çıxışlar bir daha təsdiq etdi ki, yeni dünya düzənində ortaq dəyərləri paylaşan türk dövlətlərinin birliyi, həmrəyliyi və gələcəyə baxışları olduqca vacibdir. Konfransda çox sayda maraqlı fikirlər səsləndirildi. Bu gün tarixi bir mərhələdə dayandığımızı nəzərə alsaq, Azərbaycanın yeni dünya nizamında tutacağı mövqe, qardaş Türkiyə ilə birgə oynayacağı rol xüsusi əhəmiyyət kəsb edir. Həm Azərbaycanın, həm də Türkiyənin liderlərinin uzunmüddətli strateji əməkdaşlıq planları, siyasi baxımdan irəli sürdükləri təşəbbüslər, bu yeni mərhələdə mühüm əhəmiyyət kəsb edir və real zəminə söykənir.
Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya beşdən böyükdür” fikrini bir daha gündəmə gətirərək beynəlxalq ədalət çağırışı edib. Azərbaycan Prezidenti isə çıxışında yeni formalaşan dünya düzənində ölkəmizin mövqeyini və baxışlarını ifadə edərək, Türk Dövlətləri Təşkilatının yaxın gələcəkdə bu düzəndə əsas mərkəzlərdən birinə çevriləcəyini vurğulayıb. Bu isə o deməkdir ki, yeni dünya nizamında türk dünyası artıq kənardan müşahidəçi yox, proseslərin aktiv iştirakçısına çevrilmək ərəfəsindədir.
Tarix göstərir ki, birinci və ikinci Dünya müharibələrindən sonra yaranan beynəlxalq düzəndə türk xalqları vurucu güc kimi iştirak etməyiblər. Lakin bu gün vəziyyət fərqlidir – artıq belə bir şans və fürsət mövcuddur. Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq münasibətlərinə əsaslanan, gələcəyə hesablanmış strateji əməkdaşlığı nəticəsində bu gün baş verən hadisələr reallığa çevrilməkdədir.
Türk xalqlarının yeni dünya nizamında öz gələcəyini müəyyənləşdirməsi prosesi artıq başlamışdır. Bu məqsədlə də azad olunmuş Şuşa şəhəri – yəni Azərbaycan ilə Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalandığı müqəddəs məkandan dünyaya verilən mesaj xüsusi simvolik məna daşıyır. Bu, təkcə Azərbaycan və Türkiyənin yox, həm də bu dövlətlərin mövqeyini bölüşən digər dost və qardaş ölkələrin birlik nümayişidir.
Konfransda Çin, Ukrayna, Serbiya, Türkmənistan və Şimali Kipr Türk Respublikasının nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələr, əslində yeni dünya nizamında bu xalqların da layiqli yer tutması istiqamətində verilmiş güclü bir mesaj idi”.