Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib



Milli Qurtuluş Günü münasibətilə…



Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

SİA xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən, tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü ilə bağlı hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb.

Qeyd edilib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə ölkəmizin həyatında yeni inkişaf dövrünün əsası qoyulub. Bu gün Ulu Öndərin Azərbaycanın xoşbəxt gələcəyi ilə bağlı ideyaları onun siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunub.

Bayram günündə şəxsi heyət ölkə ərazisindəki Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, dahi şəxsiyyətin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən filmləri izləyib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivlərinin, həmçinin incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları və müxtəlif mədəni-kütləvi tədbirlər təqdim edilib.

Əlaqəli Xəbərlər