Britaniya Baş nazirinin evini yandırmaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib


Böyük Britaniyanın Baş naziri Kir Starmerlə əlaqəli ünvanlarda və bir avtomobildə baş vermiş üç yanğın hadisəsi ilə bağlı bir nəfərə rəsmi ittiham irəli sürülüb. SİA “BBC”yə istinadla xəbər verir ki, 21 yaşlı Ukrayna vətəndaşı Roman Lavrinoviç insanların həyatını təhlükəyə atmaq üçün qəsdən yanğın törətməkdə ittiham olunur. O, bu gün məhkəmə qarşısına çıxarılacaq.

İttihamlar Kir Starmerin baş nazir olmamışdan əvvəl yaşadığı Kentiş Toun bölgəsindəki şəxsi evdə baş verən yanğın, eyni küçədə qonşusuna satdığı avtomobilin yandırılması və daha əvvəl yaşadığı İslinqton bölgəsindəki başqa bir ünvanda baş vermiş yanğın olmaqla üç ayrı insidenti əhatə edir. Hadisələrin yüksək vəzifəli dövlət rəsmisi ilə bağlılığı səbəbindən istintaq Terrorla Mübarizə Komandanlığı tərəfindən aparılır.

Kir Starmer Baş nazir seçilənə qədər Kentiş Toundakı ünvanda yaşayıb. Hazırda həmin evi baş nazirin baldızı icarəyə götürüb. Yanğın zamanı evin giriş hissəsinə ziyan dəyib, xəsarət alan olmayıb. Mayın 8-də Starmerin ötən il qonşusuna satdığı avtomobil də eyni küçədə yandırılıb. Digər hadisə isə mayın 11-də, gecə saat 03:00 radələrində İslinqton bölgəsindəki evin giriş hissəsində baş verib. London Yanğın Xidmətinin məlumatına görə, hadisə zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xüsusi tənəffüs avadanlığı ilə təhlükəsiz şəkildə binadan çıxarılıb. Kir Starmer həmin ünvanda 1990-cı illərdə yaşayıb.

Əlaqəli Xəbərlər