Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına (UNMISS) daxil olan azərbaycanlı zabit təltif edilib. SİA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi müşahidəçi qismində xidmət edən mayor Qaragözov Mehman Həmdiyə oğlu missiyada xidməti vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə görə UNMISS-in Təhlükəsizlik Qüvvələrinin komandanı general-leytenant Mohan Subramanian tərəfindən medal və fəxri fərmanla təltif edilib.
M.Qaragözova uzunmüddətli patrul üzvlərinin münaqişə zonasından şəxsi təhlükəsizliyini nəzərə almadan, böyük cəsarət və şücaət nümayiş etdirərək uğurla çıxarılmasını təmin etdiyinə, bununla da nümunəvi sədaqət göstərdiyinə görə sertifikat təqdim olunub.
Qeyd edək ki, 2018-ci il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.