ABŞ Nümayəndələr Palatasının iki partiyalı qanunvericilər qrupu ABŞ Silahlı Qüvvələrinin veteranları arasında intiharların qarşısının alınması proqramlarını gücləndirməyə yönəlmiş qanun layihəsi üzərində işləyir. SİA xəbər verir ki, ABŞ Veteran İşləri Nazirliyi tərəfindən 2024-cü ilin dekabrında dərc olunmuş son Milli Hesabata əsasən, keçmiş əsgər və zabitlər hələ də ölkə üzrə ümumi intihar səviyyəsinin qeyri-proporsional dərəcədə böyük hissəsini təşkil edir.
2001–2022-ci illəri əhatə edən məlumatların təhlilinə əsasən (məlumatların mövcud olduğu son il – 2022-ci ildir), hesabatda qeyd olunur ki, ölkə üzrə qeydə alınmış 47 891 intihar halından 6407-si (13,3 faizi) veteranların payına düşür.
“Veteranlar arasında intiharların qarşısının alınması üzrə tədbirlər haqqında Qanun”un qəbuluna rəhbərlik edən konqresmen Qreq Landsmanın sözlərinə görə, hər gün çox sayda veteran intihar edir və bunun qarşısını almaq üçün daha çox iş görülməlidir.
ABŞ Veteranlar İşləri Nazirliyinin məlumatına görə, 2022-ci ildə gündə orta hesabla 17,6 veteran intihar edib.