Azərbaycanın ən böyük 3 bankının təmərküzləşmə səviyyəsi artıb


2024-cü ildə Azərbaycanın ən böyük 3 bankının həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmə səviyyəsi artıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilib.

Sənədə əsasən, 2023-ci illə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1,7 faiz bəndi artaraq 54,1 %, depozit portfeli üzrə bazar payı isə 1,8 faiz bəndi artaraq 67,4 % təşkil edib. Aktivlər üzrə isə ən böyük 3 bankın bazar payında nəzərəçarpan dəyişiklik olmayıb (63 %).

“Bank sektoru üzrə təmərküzləşmə daim diqqətdə saxlanılır”, – deyə AMB bəyan edib.

Həmçinin ötən ilin sonuna nisbətən ümumilikdə aktivlər üzrə təmərküzləşmədə müəyyən qədər azalma olsa da, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə artım müşahidə olunur. Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən cari ilin sonuna kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 61 vahid artaraq 1 207 təşkil edib. Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 64 vahid artaraq 1 653 təşkil edib. Aktivlər üzrə HHI indeksi göstəricisi 30 vahid azalaraq 1 474 təşkil edib. Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən isə bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir.

Əlaqəli Xəbərlər