Prezidentlər İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində…


çıxışı

-Əziz Qardaşım Prezident İlham Əliyev.

Hörmətli nazirlər, hörmətli qonaqlar.

Sizləri ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.

Qardaşım Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qəbul etməkdən böyük məmnunluq duyduğumu xüsusilə ifadə etmək istəyirəm. Ona və dəyərli nümayəndə heyətinə Ankaramıza “Xoş gəldiniz!” deyirəm.

Hazırda qarşımda bu işlərdə əməyi olan fəhlə və mühəndis qardaşlarımız var. İnşallah, çıxışlarımızı bitirdikdən sonra onlarla birlikdə Türkiyə və Azərbaycan üçün ayrıca xatirə şəkillərimizi çəkdirəcəyik.

Dəyərli qardaşımın və nümayəndə heyətinin timsalında Azərbaycan xalqının mübarək Ramazan ayını ürəkdən təbrik edirəm. “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik.

Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq. Bir azdan açılışını edəcəyimiz İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq.

Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.

6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvanla elektrik əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam etdirəcəyik.

Bu hisslərlə bugünkü mərasimimizin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inanıram. Bu mühüm layihənin həyata keçirilməsinə töhfə verən hər kəsi, bütün qurumlarımızı diqqətlərinə görə, istər işçisi, istərsə də mühəndisi olmaqla, əməyi keçən bütün şəxsləri təbrik edirəm. Rəbbim birliyimizi, həmrəyliyimizi, sevgimizi daimi etsin. Layihənin bütün bölgə üçün xeyirli olmasını arzu edirəm.

İlham qardaşıma səfərə görə xüsusilə şəxsən öz adımdan, ailəm adından və millətim adından təşəkkürümü bildirirəm.

X X X

Çıxışlardan sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdırda qaz kəmərini işə saldılar.

Sonda xatirə fotosu çəkdirildi.

Əlaqəli Xəbərlər