Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub


“Böyük Qayıdış”ın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində keçmiş məcburi köçkünlərin daimi məskunlaşdırılmasına başlanmasının 3-cü ildönümü tamam olub. Bu münasibətlə Abşeron rayonunda yerləşən Zəngilan Mədəniyyət Evində yığıncaq keçirilib.

SİA-nın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Komitə tərəfindən təşkil olunmuş tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri və 100-dən çox keçmiş məcburi köçkün iştirak edib.

İştirakçılar əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.

Sonra Böyük Qayıdışa dair fotosərgiyə baxış keçirilib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxışında Ulu Öndərin Azərbaycanın inkişafındakı rolunu, Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımları vurğulayıb. O, Böyük Qayıdışın Ağalı kəndindən başlamasının zəngilanlılar üçün qürur mənbəyi olduğunu diqqətə çatdırıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Böyük Qayıdışın xalqımızın torpağa bağlılığını göstərən mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırılır, məşğulluq artırılır. Böyük Zəfərdən sonra azad olunmuş ərazilərdə geniş bərpa işləri aparılır. Vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva da bu məsələlərə xüsusi diqqət və qayğı göstərir. Fuad Hüseynov, həmçinin ötən üç ildə əldə edilən təcrübənin Böyük Qayıdışın daha səmərəli aparılmasında və məcburi köçkünlərin istəklərinə uyğun tədbirlərin həyata keçirilməsində əhəmiyyətli olduğunu qeyd edib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov Ağalı kəndinin sosial-iqtisadi inkişafı üçün imkanlar olduğunu, sakinlərin yaradılan şəraitdən istifadə edərək yeni həyata başladığını bildirib. Vurğulayıb ki, kənd sakinlərinin çoxunun məşğulluğu təmin edilib, həmçinin təsərrüfat işləri ilə məşğul olurlar. Baş plana əsasən, Zəngilan rayonunda abadlıq işləri davam edir. Sakinlərin rahatlığı və təhlükəsizliyi üçün zəruri tədbirlər görülür.

ANAMA-nın əməkdaşı Ceyhun Quliyev mina və partlamamış hərbi sursatların növləri, onların yaratdığı təhlükələr, minalanmış və təmizlənmiş ərazilərdə davranış qaydaları və müraciət qaydaları barədə ətraflı məlumat verib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Fatimə Cəfərova qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Agentlik 42 ixtisas üzrə peşə təlimləri keçir və məcburi köçkünlər də bu təlimlərdə iştirak edirlər. Peşə bacarıqlarını artırmaq istəyən hər kəs Agentliyə müraciət edə bilər.

Ağalı kəndinə ilk köç edən sakinlərdən biri – bloger Çiçək Gəraylı yığıncaqda doğma yurdda yeni həyatından danışıb və yaradılan şəraitdən məmnunluğunu ifadə edib. O, tikinti və abadlıq işlərinin hər kəsdə sevinc və qürur yaratdığını qeyd edib. Çiçək Gəraylıya Böyük Qayıdışın sosial mediada təbliğatına verdiyi töhfəyə görə Dövlət Komitəsinin sədri adından təşəkkürnamə təqdim olunub.

Məcburi köçkün Mahirə Quliyeva isə Böyük Qayıdışla bağlı bütün yenilikləri diqqətlə izlədiklərini, dövlətimizin bu sahədə gördüyü işləri ürəkdən bəyəndiyini və doğma yurda geri dönəcəkləri günü səbrsizliklə gözlədiklərini bildirib.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər, minatəmizləmə prosesi, infrastruktur layihələrinin icrası və gələcək planlar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, təkcə Ağalı kəndi deyil, bütövlükdə Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında yenidənqurma işləri sürətlə davam etdirilir və yaxın illərdə daha çox ailənin öz doğma yurduna qayıtması nəzərdə tutulur.

Ağalı kəndinin yığıncaqda iştirak edən sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, qayıdış prosesinin onların həyatında yaratdığı müsbət dəyişikliklərdən danışıblar.

Tədbir iştirakçılarını maraqlandıran suallar Dövlət Komitəsinin aidiyyəti şöbələrinin rəhbər şəxsləri, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən cavablandırılıb.

Sonda Zəngilan rayonuna qayıdış, sosial müdafiə tədbirləri və mina təhlükəsinə qarşı maarifləndirməyə dair videoçarxlar nümayiş olunub.

Əlaqəli Xəbərlər