“Berdiməhəmmədovun səfəri Azərbaycan–Türkmənistan əməkdaşlığında yeni səhifə açır”


“Türkmənistanın keçmiş prezidenti, hazırda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri hesab edirəm ki, iki ölkə arasında yeni münasibətlər səhifəsinin açılmasını şərtləndirəcəkdir. Bildiyimiz kimi, Türkmənistan qapalı bir ölkədir, beynəlxalq təmaslara çox da açıq deyil. Amma Azərbaycanla münasibətlərinin xarakterinin tam fərqli olduğunu görməkdəyik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, xüsusilə də son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji baxışları, onun müdrik diplomatiyası beynəlxalq aləmlə Azərbaycan arasında təmasları daha da sıxlaşdırmış və səmərəli etmişdir. Bunun göstəricilərindən biri də hesab edirəm ki, məhz Azərbaycan–Türkmənistan münasibətləridir: “Bundan başqa qeyd etmək lazımdır ki, Azərbaycanın ərazisindən əhəmiyyətli nəqliyyat layihələri keçməkdədir. Bu nəqliyyat-kommunikasiya xətləri Avropa ilə Asiyanı birləşdirən, böyük coğrafiyanın nəqliyyat və logistika xəritəsini dəyişən, daha səmərəli vəziyyətə gətirən xətt kimi çıxış edir. Torpaqlarımızı işğaldan azad etdikdən sonra əməkdaşlıq imkanlarımız daha da genişlənib, bu nəqliyyat-logistika sahəsini də əhatə edir. Azərbaycan yeni obrazında, yeni imkanlar çərçivəsində milli maraqlara uyğun əməkdaşlıq sisteminin aktiv iştirakçısına çevrilib. Bu baxımdan Azərbaycanın tranzit imkanlarından yararlanmaq Türkmənistan üçün də faydalıdır, onun dünya ilə təmaslarını genişləndirəcək və böyük siyasi-iqtisadi faydalar gətirəcəkdir.

Azərbaycan həm də Türk Dövlətləri Təşkilatında çox təsirli rola sahibdir. Təşkilatın institusionallaşmasında Azərbaycanın əhəmiyyətli rolu olub. 2009-cu ildə Naxçıvanda Türk Dövlətlərinin Əməkdaşlıq Şurası kimi əsasının qoyulması və sonradan təşkilata çevrilməsi bu töhfənin nəticəsidir. Türkmənistanın bu təşkilata tam hüquqlu üzv olması mümkündür və Azərbaycanla təmaslar bu mənada da faydalı ola bilər.

Ümumilikdə isə Qurbanqulu Berdiməhəmmədovun səfəri, iki ölkə arasında münasibətlərin dinamik inkişafına və əməkdaşlığın daha da genişlənməsinə ciddi töhfə verəcəkdir. Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın genişləndirilməsi imkanları da kifayət qədər genişdir. Azərbaycan üzərindən Türkmənistan enerji daşıyıcılarının Avropa enerji təchizatı bazarlarına çıxarılması, əməkdaşlığın xaricə yönəlik vektorunu təşkil edir və bu istiqamətin gücləndirilməsi həm Azərbaycanın, həm də Türkmənistanın maraqlarına cavab verir”.

Əlaqəli Xəbərlər