Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “14 iyul 1969: Milli dirçəlişin başlanğıcı – Müstəqil və Suveren Azərbaycanın banisi” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb. Qeyd olunub ki, 1969-cu il iyul ayının 14-də Heydər Əliyevin hakimiyyətə gəlişilə Azərbaycanın inkişafında yeni mərhələ, böyük dönüş və tərəqqi başlandı. Uzaqgörən siyasətçinin təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı vətənə və xalqa güclü məhəbbəti ilə birləşərək öz bəhrəsini verdi.
YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov çıxış edərək bildirib ki, Azərbaycan xalqının milli dirçəliş, dövlət müstəqilliyi arzusunun ideyadan gerçəkliyə doğru inkişafı öz başlanğıcını məhz 14 iyul 1969-cu ildən götürür. Böyük rəhbər sübut etdi ki, millətinə xidmət edərkən hansı ideoloji quruluşa mənsub olmağın heç bir fərqi yoxdur. Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin qorunması və inkişafı sağlam düşüncəyə, mədəniyyətə və milli özünüdərk hissinə söykənir.
Daha sonra çıxış edən ərazi partiya təşkilatının sədrləri – Oruc Məmmədov, Şəhla Məmiyeva, partiya fəalı İlahə Abdullazadə Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasından və bütün sahələrdə böyük nailiyyətlər əldə edilməsindən bəhs ediblər. Vurğulanıb ki, sovet rejiminin və ideologiyasının ciddi məhdudiyyətlərinə baxmayaraq Ümummilli lider Azərbaycan xalqının gələcəyini hədəf götürmüş, qısa vaxt ərzində əhalini dinamik inkişafa səfərbər etməyə nail olmuşdur. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə də məhz 1969-cu ilin 14 iyulundan başlanan siyasətin nəticəsi və Azərbaycan milli dövlətçiliyinin şanlı səhifəsidir.