“Məlumdur ki, hələ 2010-cu ildə, yəni Suriyada vətəndaş müharibəsinin başlamasından əvvəl Azərbaycan və Suriya arasında təbii qazın alqı-satqısına dair 20 illik razılaşma əldə olunmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, həmin razılaşmaya əsasən Suriya Azərbaycandan ildə 1-1,5 mlrd. kubmetr təbii qaz idxal edəcəkdi. Lakin Suriyada müharibə bu razılşamanın icrasına imkan vermədi: “Qeyd edim ki, Suriyada qaz, əsasən, elektrik enerjisi istehsalında istifadə olunur və 2010-cu il məlumatlarına görə Suriya il ərzində öz yataqlarından 7.8 milyard kubmetr təbii qaz hasil etmişdi. Yəni başqa szölə Suriyanın özündə də qaz ehtiyatları mövcuddur və bu sahəyə investisiya qoyuluşu ilə Suriyanın daha çox təbii qaz hasil etmək imkanları meydana gələ bilər.
İndi Azərbaycanın Suriyaya təbii qaz tədarükündə yardım göstərəcəyinə gəldikdə isə bu ilin aprel ayında Antalyada keçirilən Diplomatiya Foru munda Azərbaycan Prezidenti İlham Əliyev ilə Suriya Prezidenti Əhməd əl-Şəraa arasında baş tutan görüşdə, iki ölkə arasında enerji sahəsində əməkdaşlıqla bağlı məsələ müzakirə olunmuşdu. Görüşdə, Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Suriyanın şərqindəki neft və qaz sahələrinin bərpasına dəstək verməsi məsələsi müzakirə olunmuşdu.
Yəni başqa sözlə Azərbaycanın Suriyanın qaz təchizatına dəstək verməsi özündə təkcə qaz satışını yox həm də ölkəmizin bu sahədə təcrübəsi, texnoloji bacarıqları sahəsində Suriyanın “ölü” infrastrukturunu canlandırmasını ehtiva edir. Azərbaycan Suriyanın enerji infrastrukturunun bərpasında əhəmiyyətli rol oynaya bilər. Bu, həmçinin Azərbaycanın enerji sektorundakı texnoloji inkişafını beynəlxalq səviyyədə nümayiş etdirmək, həmçinin Azərbaycanın enerji ixracatını artırmaq və yeni bazarlara çıxış əldə etmək üçün bir fürsət yaradır.
Bir sözlə ölkəmizin Suriyanın enerji sektorunun bərpasına dəstək verməsi, yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malik bir addımdır. Bu əməkdaşlıq, regional sabitliyin təmin olunmasına, enerji təhlükəsizliyinin artırılmasına və beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər”.