Enerji strategiyamızın banisi


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünyanın ən nüfuzlu dövlət xadimlərindən, ən böyük siyasi şəxsiyyətlərindən biri olub, müstəqil dövlətçiliyimizin qurucusu və memarıdır. Çoxəsrlik tarixi ənənələr əsasında müasir Azərbaycan dövlətinin ideoloji-siyasi inkişaf doktrinasının yaradılması və gerçəkləşdirilməsi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Azərbaycan tarixinin Heydər Əliyev epoxası milli intibah və tərəqqi dövrü kimi xarakterizə olunur. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dövlət müstəqilliyini yeni bərpa etməsinə baxmayaraq, ötən müddətdə düzgün iqtisadi siyasət nəticəsində dünyaya tamamilə effektiv bir iqtisadi model təklif etmişdir. Ölkəmizin zəngin təbii sərvətlərindən, qədim neft diyarı kimi toplanılmış mütərəqqi təcrübəsindən, texniki-intellektual potensialından, habelə transmilli korporasiyalarla əməkdaşlıq şəraitində mənimsənilmiş müasir texnoloji bilik və vərdişlərdən səmərəli istifadə edilməklə yaradılmış Azərbaycan iqtisadi modeli dünya birliyinin diqqətini cəlb edir, geniş maraq doğurur. Bu modelin konseptual mahiyyəti sistemli xarakter daşımasında, cəmiyyət həyatının, istisnasız olaraq, bütün sahələrini harmonik və hərtərəfli əhatə etməsindədir. Bütün bunlar gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, ardıcıl idarəçilk dəst-xəttinin, dönməz və məqsədyönlü fəaliyyətin bəhrələridir. Zaman keçdikcə daha aydın görünür və duyulur ki, dövlətçiliyimizin memarı ulu öndər Heydər Əliyev hələ ötən əsrin 60-cı illərindən dünyanın ümumi inkişaf kontekstində, mümkün koordinatlar sistemində Azərbaycanın yerini və perspektiv hərəkət vektorunu dəqiq müəyyənləşdirmiş, qloballaşma müstəvisində layiqli yer tutması üçün yorulmadan çalışmış və böyük fədakarlıq sayəsində buna nail olmuşdur. 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalandı və sonradan tarixə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olundu. Kontrakt ölkəmizin uzunmüddətli enerji strategiyasının ana xəttini təşkil edən epoxal bir sənəd idi; siyasi xarakteristikasına görə Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinasını təşkil edirdi. İkinci bir tərəfdən də postsovet məkanda Qərb şirkətləri ilə iri neft müqaviləsinin imzalanması Xəzər regionunda beynəlxalq əməkdaşlığın, böyük perspektivlərin bünövrəsini qoyurdu. Bu mənada “Əsrin müqaviləsi” təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün, eyni zamanda Qərb dövlətləri üçün strateji əhəmiyyət daşıyırdı. Ulu öndər Heydər Əliyev dünya neft sənayesi tarixində yeni mərhələ açan bu strategiyanı belə səciyyələndirirdi: “Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur”.

Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, müstəqil Azərbaycan dövlətinin uğurlarının bünövrəsi ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə imzaladığı “Əsrin müqaviləsi” ilə qoyulmuşdur. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın enerji sistemində Prezident İlham Əliyev tərəfindən böyük uğurlara imza atılıb. Ölkənin enerji sistemində aprılan islahatlar, enerji istehsal edən yeni stansiyaların inşası və fəaliyyətdə olan stansiyaların modernləşdirilməsi hesabına enerji istehsalı sahəsində yüsək nəticələr əldə olunub. Azərbaycan enerji sektorunda əldə edilmiş naliyyətlərlə kifayətlənməyib, indi ölkəmizin bu sektorda yeni hədəfləri var. Ölkəmiz dünyanın enerji bazarında baş verən yeni çağrışlara qoşularaq bölgədə yaşıl enerji istehsalının lokomotivi rolunu öz üzərinə götürüb. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir.

2025-ci il iyun ayının 28-də dövlət başçısının iştirakı ilə Mingəçevirdə istifadəyə verilən 8 Noyabr Elektrik Stansiyası bu uğurların əyani təzahürüdür. Hazırda ölkəmiz həm şərq, həm qərb, həm də cənub qonşularına elektrik enerjisi ixrac edir. Bu strateji xətt Azərbaycanı regionun enerji qovşaqlarından birinə çevirir.8 Noyabr Elektrik Stansiyasının istismara verilməsi həm də zəfər ruhunun iqtisadi uğurlara çevrilməsinin bariz nümunəsidir. Qarabağda aparılan quruculuq, Zəngəzur dəhlizinin reallaşması, yeni nəqliyyat və enerji magistralları ilə yanaşı bu kimi layihələr ölkəmizin gələcəyinə xidmət edir.Azərbaycanın enerji strategiyası, Prezident İlham Əliyevin dediyi kimi, “ölkənin gələcəyinə hesablanmış ağıllı siyasətin nəticəsidir”. Bu strategiya həm enerji müstəqilliyini təmin edir, həm də bölgədə sülh, sabitlik və iqtisadi əməkdaşlıq üçün baza formalaşdırır.

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Əlaqəli Xəbərlər