“İqtisadi uğurlarımız insanlarda gələcəyə böyük inam yaradıb”


“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı imzalanan sərəncamlar, əlbəttə ki, insanlara göstərilən qayğı və diqqətin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, ölkə rəhbəri daim bildirir ki, xalqın rifahının yüksəldilməsi və onların təhlükəsizliyinin təmin olunması dövlətin qarşısında duran birinci dərəcəli vəzifədir və bu sahədə bütün tədbirlər vaxtında həyata keçirilməlidir: “Qeyd edilməlidir ki, bu cənab Prezidentin bu istiqamətdə imzaladığı ilk sərəncam deyil.

Son illər ərzində sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır və şübhəsiz ki, ölkədə ictimai mühitə çox böyük müsbət təsir göstərir. İnsanlar əmin olurlar ki, Azərbaycan Prezidenti daim onların yanındadır, onların qayğılarını dinləyir və müvafiq addımlar atır. Bu, təqdirəlayiq haldır. Çünki ölkənin iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların vətənə, torpağa bağlılığı və öz rəhbərləri ətrafında sıx birliyi belə əsaslı tədbirlərin həyata keçirilməsinə geniş imkan yaradır. Eyni zamanda bu, vətəndaşlarımızın həyatını gündən-günə daha da mənalandırır.

Bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Tarixi qələbələrimiz və iqtisadi uğurlarımız insanlarda gələcəyə böyük inam yaradıb. Hazırda ölkədə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də beynəlxalq inteqrasiya prosesi bir daha təsdiq edir ki, Azərbaycanda insanların sosial rifahı bundan sonra da diqqət mərkəzində olacaq və bu istiqamətdə zəruri tədbirlər davamlı şəkildə həyata keçiriləcəkdir”- deyə millət vəkili əlavə edib.

Əlaqəli Xəbərlər