İstanbulda dərc edilən bir satirik jurnalın bugünkü sayında Həzrət Məhəmməd Peyğəmbərə (s) qarşı karikatura dərc olunub. Bununla bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “dini dəyərləri açıq şəkildə alçaldılması” maddəsi üzrə istintaq başladılıb. SİA xəbər verir ki, istintaq çərçivəsində adıgedən jurnalın imtiyaz sahibi və baş redaktoru, yazı işləri müdiri, müəssisə müdiri, qrafik dizaynerlər və karikaturanı çəkən şəxs də daxil olmaqla 6 şübhəlinin saxlanılmasına qərar verilib.
Hadisə ilə bağlı açıqlama verən ədliyyə naziri Yılmaz Tunç bu kimi halların Türkiyənin Cinayət Məcəlləsi üzrə cinayət hesab edildiyini deyib.
Nazir istər sosial media hesabları vasitəsilə, istərsə də şəhərdə başlayan aksiyalarla əhalinin buna şiddətli şəkildə etiraz etdiyini, bu kimi halların insanların dini dəyərlərinə qarşı təhqir olduğu, əhali arasında kin və nifrəti hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, İstanbulda hadisə ilə bağlı etiraz aksiyaları keçirilir. Baş Prokurorluq tərəfindən sözügedən buraxılış ilə bağlı toplanma və jurnalın sosial media hesablarına girişin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlərə başlanılıb.