Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib


Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi təyyarə ilə Vətənə gətirilib. SİA xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Onların nəşi yaxınlarına təhvil verilib.

Nəşlər Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

“İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının – Ziyəddin və Hüseyn Səfərovun nəşləri yenidən ekspertiziya göndəriləcək”. Bunu jurnalistlərə açıqlamasında onların qardaşları Seyfəddin Hüseynli bildirib. O, Rusiyadakı ekspertizanın nəticəsinə inanmadıqlarını deyib. S.Hüseynli qeyd edib ki, qardaşlarının Rusiya tərəfinin iddia etdiyi kimi həyəcandan ölmələri inandırıcı deyil: “Rusiya rejimi tərəfindən işgəncələr nəticəsində insanlar həyatlarını itiriblər. Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir. Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı. Biz dəhşətli rejimlə üz-üzə dayanmışıq. Mən dövlət başçımız başda olmaqla, dövlət stukturlarımıza, diplomatik korpus və diasporumuza minnətdarlığımı çatdırmaq istəyirəm. Bu gün Azərbaycanda hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”ın binasında keçirdikləri əməliyyat da onun üçün təsəlli olub. Dövlətimiz qətiyyətli mövqe ortaya qoydu. Rusiyanın KİV adı altında fəaliyyət göstərən casus şəbəkəsi ifşa olundu”.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Onu da qeyd edək ki, meyitlər ekspertizadan keçirildikdən sonra Ağcabədidə dəfn ediləcək.

Əlaqəli Xəbərlər