“Azərbaycanın region daxilində və beynəlxalq miqyasda oynadığı mühüm rol, xüsusilə Qarabağ bölgəsində həyata keçirilən sürətli və keyfiyyətli bərpa-quruculuq işləri fonunda aydın şəkildə özünü göstərir. Bu proses, Prezident İlham Əliyevin verdiyi vədlərə sadiqliyini və ölkə rəhbərliyinin güclü siyasi iradəyə sahib olduğunu əyani şəkildə sübut edir. İşğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində yeni yolların çəkilməsi, hava limanlarının inşası, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarının tətbiqi Azərbaycanın bu bölgədə strateji baxışla sistemli və məqsədyönlü fəaliyyət apardığını nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Azərbaycanın eyni vaxtda həm daxili inkişaf proseslərinə, həm də xarici siyasət prioritetlərinə bərabər diqqət ayırması dövlətin idarəçiliyindəki çeviklik və dərin strateji düşüncənin göstəricisidir. Daxildə ictimai rifahın artırılması, iqtisadiyyatın şaxələndirilməsi, müasir infrastruktur layihələrinin reallaşdırılması ilə yanaşı, xaricdə diplomatik mövqelərin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsində təşəbbüskar mövqe Azərbaycanın regional lider statusunu daha da gücləndirir: “Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın balanslı və prinsipial siyasəti təkcə regional güclər deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların və nüfuzlu xarici medianın Azərbaycanın mövqeyini qəbul etməsi, ölkəmizin haqlı yerini təsdiqləməsi baxımından əhəmiyyətlidir. Bu, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan və konstruktiv siyasətinə verilən bir növ dəstəkdir. Sizin də vurğuladığınız kimi, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması, sosial və iqtisadi sistemlərin dirçəldilməsi artıq öz real nəticələrini verməkdədir. Qayıdış prosesinin başlanması, məcburi köçkünlərin doğma torpaqlarına yerləşdirilməsi və bu ərazilərdə normal həyat şəraitinin bərpası dövlətin bu sahəyə nə qədər ciddi və məsuliyyətlə yanaşdığını göstərir.
Nəticə olaraq qeyd etmək olar ki, mövcud dinamika və siyasi iradənin davamlılığı fonunda Azərbaycan təkcə regionda deyil, daha geniş beynəlxalq miqyasda da nüfuzunu və təsir imkanlarını artırmağa davam edəcək. Bu isə ölkənin gələcək inkişafı üçün möhkəm zəmin formalaşdırır”.