“Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik sazişi 2022-ci ildə imzalanıb. Bu sənəd hər iki ölkəyə əlavə üstünlüklər verməklə yanaşı, əlavə öhdəliklər də qoyub. Azərbaycan indiyədək ölkələrimiz arasında münasibətlərə xələl gəlməsinə rəvac verəcək heç bir addım atmayıb. Amma Rusiya tərəfindən son bir il ərzində Azərbaycana qarşı yönəlmiş yeganə təxribat əməli deyil. Bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusya ərazisinə buraxılmaması da anti-Azərbaycan dairələrin formalaşdırdığı münasibətdən irəli gəlib. Kremlə yaxın olan televiziya aparıcısı, həmişə qeyri-obyektiv çıxışları ilə yadda qalan Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla ölkəmizə qarşı hörmətsizlik nümayiş etdirməsi təsadüfi sayılmamalıdır. Eyni zamanda, bu ölkənin dövlət televiziya kanalının efirində solovyovların destruktiv iddialarının yer alması və buna görə cəzalandırılmaması təbliğat maşınında nasazlıqdan xəbər verir. Azərbaycanın informasiya resurslarına qarşı Rusiyadan qaynaqlanan kiberhücumlar da qərəzin bir həlqəsidir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, baş verən son hadisələr Rusiyanın daxili siyasətində xaosdan xəbər verir: “28 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılması dövlətimizin məsələyə çox ciddi yanaşmasından xəbər verir. Məsələnin araşdırılması, zorakılıq törödən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb. Digər bir məsələ də var, Rsiyada heç də hər kəs Ukrayna ilə müharibəni dəstəkləmir. Rusiya daxildə cəmiyyətə qarşı qanunları sərtləşdirərək təzyiq etdiyi kimi, xarici siyasətində də eyni üsuldan istifadə edir. Rusiyanın indiki siyasəti iqtisadiyyatı və insan resurslarını məhvə doğru aparır. Avropa və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar, əhalinin onsuz da zəif olan sosial vəziyyətini daha da ağırlaşdırıb. İllik inflyasiya 11,13 faiz təşkil edir. Rusiya Avropa qaz bazarının 26 faizini əlində saxlayaraq milyardlarla dollar gəlir qazanırdı. Bu gün bu rəqəm 5 faizə enib. Bu vəziyyət isə birmənalı qarşılanmır və ciddi narahatlıq doğurur”.