“8 Noyabr” Elektrik Stansiyası enerji gücümüzün, Zəfər ruhumuzun və geosiyasi rolumuzun simvoludur


Azərbaycanın enerji siyasəti və iqtisadi inkişaf strategiyası son illərdə mühüm mərhələlərdən keçir. Prezident İlham Əliyevin cari ilin 24 iyun tarixində Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı bu baxımdan həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. “8 Noyabr” adı ilə Zəfər Gününü əbədiləşdirən bu layihə həm ölkəmizin enerji infrastrukturunun gücləndirilməsinə, həm də milli qürurun və dövlətçilik iradəsinin iqtisadi platformada təcəssümünə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin müasir enerji strategiyası baxımından mühüm dönüş nöqtəsidir. Stansiyanın yaradılması və qısa müddət ərzində tam istismara verilməsi Azərbaycan iqtisadiyyatının dayanıqlığını, milli texnoloji potensialını və energetika sahəsində formalaşmış güclü kadr bazasının real nəticələrini əyani şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin sözləri ilə desək, bu layihə həm texniki nailiyyət, həm də milli gücün simvoludur.

1880 meqavatlıq generasiya gücü ilə “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın bu sahədəki ən iri obyektinə çevrilməklə yanaşı, ümumilikdə Cənubi Qafqaz regionunun enerji xəritəsində Mingəçevirin mərkəzi mövqeyini daha da möhkəmləndirir. Hal-hazırda ölkə üzrə istehsal olunan elektrik enerjisinin 40 faizindən çoxu məhz Mingəçevirdə formalaşır. Bu fakt Azərbaycanı həm özünü təmin edən, eyni zamanda da ixracyönlü enerji dövləti kimi təsdiqləyir. Stansiyanın adının 8 Noyabr – Zəfər Günü ilə bağlı olması isə həm tarixi yaddaşın yaşadılması, həm də milli qürur elementinin iqtisadi infrastrukturla vəhdətidir.

Mingəçevirin enerji mərkəzi kimi formalaşması Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. 1974-cü ildə təməli qoyulan “Azərbaycan” İstilik Elektrik Stansiyası həmin dövrdə Azərbaycanın enerji təhlükəsizliyinin əsas sütunlarından biri olmuşdur. Bu irsə sadiqliyini göstərən Prezident İlham Əliyev Mingəçevirdə yeni və daha müasir enerji nəsil obyektlərinin tikintisi ilə bu xətti davam etdirir. Cənab Prezidentin çıxışında Ulu Öndərin irsinə vurğu etməsi, strateji ardıcıllığı və müstəqil dövlətçilik ənənələrinin qorunmasını göstərdi.

Azərbaycan son 20 ildə energetika infrastrukturunu demək olar ki, sıfırdan yenidən qurub. Bu dövr ərzində ölkənin müxtəlif regionlarında müasir stansiyalar yaradılıb, köhnə enerji obyektləri isə yenidən qurulub. 2018-ci ildə baş verən qəza ilə əlaqədar Mingəçevirdə genişmiqyaslı modernizasiya proqramının həyata keçirilməsi və qısa zamanda real nəticələr əldə olunması ölkənin böhranlara çevik cavab verə bilən idarəçilik modelinə malik olduğunu göstərdi. 2020-ci ildən etibarən “Azərbaycan” İstilik Elektrik Stansiyasının generasiya gücünün 1800 meqavata çatdırılması bu transformasiyanın bir parçasıdır.

“8 Noyabr” Elektrik Stansiyası həm də Azərbaycanın regional enerji təhlükəsizliyinə verdiyi töhfənin yeni mərhələyə keçməsi deməkdir. Artıq təkcə daxili tələbatı ödəyən deyil, eyni zamanda Gürcüstan, Türkiyə və Avropa bazarlarına enerji ixrac edən bir ölkə kimi Azərbaycan, müasir enerji diplomatiyası çərçivəsində həm iqtisadi, həm də geosiyasi baxımdan etibarlı tərəfdaş kimi tanınır. Bu fonda Mingəçevirdə aparılan islahatlar və strateji layihələr Azərbaycanın enerji siyasətinin davamlı inkişaf etdiyini və enerji təhlükəsizliyində lider rola iddialı olduğunu göstərir.

Azərbaycanın enerji infrastrukturunda yeni mərhələnin başlanğıc nöqtəsi olan “8 Noyabr” Elektrik Stansiyasının cəmi iki il ərzində istifadəyə verilməsi mühəndislik və idarəetmə baxımından rekord nəticə kimi qiymətləndirilməlidir. 1880 meqavat gücündə belə bir kompleksin bu qədər qısa müddətdə reallaşdırılması nəinki texniki nailiyyətdir, eyni zamanda milli potensialın, dövlət idarəçiliyinin və beynəlxalq əməkdaşlığın uğurlu sintezidir. Müqayisə üçün qeyd edilməlidir ki, sovet dövründə analoji gücə malik olmayan stansiyanın tikintisi yeddi ildən çox davam etmişdi.

“8 Noyabr” Elektrik Stansiyasının ərsəyə gəlməsində İtaliya və Çin kimi dünya miqyaslı iqtisadi güclərin rolu xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə həm də uğurlu beynəlxalq əməkdaşlığın modelidir. Həm İtaliya, həm də Çinlə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri bu ölkələrlə münasibətlərin dərinliyini və çoxşaxəliyini göstərir. İtaliya bu gün Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və enerji sahəsində uzunmüddətli əməkdaşlıq tarixçəsinə malikdir. Çin isə xüsusilə bərpaolunan enerji texnologiyalarının tətbiqi sahəsində önəmli rol oynayır.

Çin şirkətlərinin Azərbaycandakı günəş elektrik stansiyalarının təchizatında iştirakı, habelə dövlət başçısının son səfərində əldə edilən razılaşmalar bu tərəfdaşlığın yalnız energetika ilə məhdudlaşmadığını, daha geniş texnoloji və sənaye transformasiyasına zəmin yaratdığını göstərir. Beləliklə, “8 Noyabr” layihəsi beynəlxalq iqtisadi inteqrasiyanın və strateji müttəfiqliyin konkret nəticəsidir.

Stansiyanın istismara verilməsi ilə Azərbaycan enerji sisteminin səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq. Ən önəmlisi isə budur ki, bu layihə sayəsində şərti yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azalacaq və daxili istehlak üçün tələb olunan təbii qaz həcmi azaldılacaq, bu da ixrac üçün əlavə qaz ehtiyatı yaradacaq. Cənab Prezidentin sözləri ilə desək, “dünya bazarlarında Azərbaycan qazına böyük tələbat var” və daxildə qənaət edilən qazın xaricə satışı ölkəyə əlavə valyuta daxilolmaları təmin edəcək.

“8 Noyabr” Stansiyası ilə yanaşı, ölkəmizin yaşıl enerji sahəsindəki hədəfləri də paralel şəkildə irəliləyir. İmzalanmış və icra edilən layihələr nəticəsində 2030-cu ilə qədər Azərbaycanda 6500 meqavat yaşıl enerji istehsalı planlaşdırılır. Bu, ümumi generasiya gücünün 9000 meqavat olduğu şəraitdə ölkənin enerji balansında bərpaolunan mənbələrin payını kəskin şəkildə artıracaq. Belə bir inkişaf təkcə ekoloji baxımdan deyil, eyni zamanda iqtisadi və geosiyasi aspektdən də Azərbaycanın mövqelərini gücləndirəcək.

Enerji sektorunda belə kompleks yanaşma – yəni həm effektivlik, həm davamlılıq, həm də beynəlxalq əməkdaşlıq – yalnız düşünülmüş, ardıcıl və milli maraqlara əsaslanan dövlət siyasəti ilə mümkündür. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu uğurlar təsadüfi deyil, məhz hər istiqamət üzrə işlənmiş proqramların nəticəsidir.

Energetika sahəsi XXI əsrdə təkcə iqtisadi inkişafın deyil, eyni zamanda milli təhlükəsizlik strategiyalarının mərkəzində dayanır. Dövlət başçısının qeyd etdiyi kimi, enerji infrastrukturlarının mühafizəsi və sabit fəaliyyəti bu gün dünyanın bir çox regionunda – xüsusilə də Avropada – müharibə və münaqişələrin hədəfinə çevrilmişdir. Məhz belə bir kontekstdə Azərbaycanın enerji siyasəti həm daxili, həm də regional sabitliyin təminatına yönəlmiş düşünülmüş yanaşmanı nümayiş etdirir.

Azərbaycan bu gün artıq yalnız özünü deyil, eyni zamanda Avropa məkanını da enerji ilə təmin edən etibarlı tərəfdaş kimi tanınır. Avropa İttifaqının ölkəmizi “Pan-Avropa qaz təchizatçısı” kimi tanıması Azərbaycanın bu sahədə artan nüfuzunun bariz göstəricisidir. 12 ölkəyə – onlardan 10-u Avropa dövləti olmaqla – təbii qaz ixrac edən bir ölkə olaraq Azərbaycan, enerji təchizatında qlobal mövqeyə malik bir aktora çevrilmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsində düşmən tərəf Azərbaycanın strateji enerji infrastrukturlarını – o cümlədən Mingəçevir Elektrik Stansiyasını və su bəndini – hədəfə almağa çalışmışdı. Bu fakt bir daha sübut edir ki, enerji infrastrukturu yalnız iqtisadi deyil, hərbi və strateji baxımdan da hədəf obyektlərindən biridir. Ermənistanın Mingəçevirə atdığı raketlər dinc əhalini, mülki obyektləri və milli enerji təminatını iflic etmək məqsədi daşıyırdı. Bu, beynəlxalq hüquqa görə hərbi cinayətdir və Ermənistanın münaqişə zamanı törətdiyi sistemli təcavüz aktlarının göstəricisidir.

Bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycan enerji sistemini qorumağı və onun sabit fəaliyyətini təmin etməyi bacardı. Müharibənin dağıntılarına sinə gərən və ondan güclənərək çıxan ölkəmiz bu gün enerji təhlükəsizliyi sahəsində nümunəvi mövqe tutur.

Yeni stansiyanın adının “8 Noyabr” seçilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin dediyi kimi, bu, Zəfər tariximizin əbədiləşdirilməsidir. 2020-ci ilin 8 noyabrında Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və bu gün həmin Zəfər milli enerji siyasətində də öz əksini tapır. İşğaldan azad edilən torpaqlarda qurulan infrastruktur, yenidən canlanan kəndlər və şəhərlər, paralel olaraq artan enerji potensialı – bütün bunlar Azərbaycanın quruculuq mərhələsinə keçidinin təzahürüdür.

Azərbaycanın enerji siyasəti yalnız karbohidrogen ixracı ilə məhdudlaşmır. Cənab Prezidentin çıxışında xüsusi qeyd olunduğu kimi, yaxın illərdə ölkəmiz yaşıl enerjinin ixracına başlayacaq. Bərpaolunan enerji layihələri və yüksək səmərəlilik göstərən stansiyalar vasitəsilə təbii qaza qənaət ediləcək və bu da ixrac imkanlarını daha da artıracaq.

Bu yanaşma həm iqtisadi, həm də ekoloji baxımdan strateji üstünlük yaradır. 2030-cu ilə qədər 6500 meqavat yaşıl enerji istehsalı nəzərdə tutulur ki, bu da ümumi generasiya gücünün əhəmiyyətli hissəsini təşkil edəcək. Azərbaycanın enerji diplomatiyası təkcə bazar payını artırmaq yox, həm də təmiz və sabit enerji mənbələrinin təşviqinə yönəlib.

“8 Noyabr” Elektrik Stansiyası təkcə yeni texniki obyekt deyil, eyni zamanda Azərbaycanın enerji suverenliyinin, texnoloji potensialının və beynəlxalq tərəfdaşlıq strategiyasının təntənəsidir. Bu layihə ölkənin yalnız iqtisadi gücünü deyil, həm də düşünülmüş geosiyasi iradəsini əks etdirir. Azərbaycanın enerji siyasəti təkcə daxili ehtiyacları deyil, həm də regional və qlobal enerji təhlükəsizliyini təmin etməyə yönəlib.

Bu gün Azərbaycan həm qaz, həm neft, həm də elektrik enerjisi ixrac edən güclü enerji dövlətidir. Sabah isə yaşıl enerji ixracatçısı, davamlı inkişaf modeli və regionun enerji nizamlayıcısı rolunda çıxış edəcək. Və bütün bu uğurların təməlində Zəfərdən doğan quruculuq iradəsi dayanır.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Əlaqəli Xəbərlər