Narkotiklə Beynəlxalq Mübarizə Günüdür


İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. SİA xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1987-ci ildə iyunun 26-sını dünya miqyasında narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsinə qarşı mübarizənin rəmzi günü kimi elan edib. Bu günün əhəmiyyəti ilk növbədə ictimai diqqəti narkotik probleminin miqyasına, bu bəlanın insan sağlamlığına, ailələrə və cəmiyyətə vurduğu fəsadlara yönəltməkdən ibarətdir.

Eyni zamanda, bu gün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da cəlb olunduğu genişmiqyaslı maarifləndirmə və profilaktik tədbirlərin keçirilməsi üçün mühüm fürsətdir.

Ənənəvi olaraq hər il olduğu kimi, cari il ərzində də 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı ölkəmizdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra silsilə tədbirlər həyata keçirilməkdədir. Bunlar aşağıdakılardır:

– SMS bildirişin (DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az , Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;

– Narkotik istifadəsinə qarşı mübarizəyə aparmağa səsləyən şüar və cümlələrin, rolapların istifadəsi, gənclər arasında maarifləndirici bukletlərin paylanması;

– “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində respublikanın regionlarında gənclərə narkotik vasitələrin insan orqanizminə mənfi təsiri və törətdiyi fəsadlara dair biliklərin artırılması məqsədilə təlimlərin təşkili;

– Ali və orta ixtisas təhsili müəssisələrində tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə “Sağlam həyat tərzi və ailə dəyərləri” mövzusunda seminarların və ictimai mühazirələrin təşkili;

– Bakı şəhəri üzrə elektron informasiya tablolarında “Özünü qoru, narkotikə hədəf olma!” şüarının nümayişi;

– Maarifləndirici videoçarxların Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi;

– Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə tədbirlərin keçirilməsi.

Həyata keçirilən tədbirlərin media subyektlərində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilir.

Əlaqəli Xəbərlər