“Bir millət, iki dövlət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla, diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq aləmdə yerinin, mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost, qardaş ölkədir. Tarixi Zəfərimiz Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsində, yeni sahələr üzrə inkişafında əhəmiyyətli rol oynadı. Dünya hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə bu birliyin, həmrəyliyin sarsılmazlığının şahidinə çevrildi. Dövlət başçısı İlham Əliyev iyunun 19-da qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimindəki çıxışında bir daha bu reallıqlara diqqəti yönəldərək Azərbaycan-Türkiyə münasibətlərini “Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var” fikirləri ilə ifadə edərək onu da qeyd etdi ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, bu fakt inkaredilməzdir ki, ölkələr arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətləri əhəmiyyətli rol oynayır. Bu gün dünya Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında bu amilin rolunu daha aydın şəkildə görür. Dövlət başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətlərimizin bu günü və sabahı ilə bağlı xoş sözləri, açıqladıqları birgə hədəflər də bunun bariz nümunəsidir. Sıx tellərlə bağlı olan bu əlaqələr zamanın sınaqlarından şərəflə çıxaraq bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci il 15 iyun tarixində Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa iki dost, qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bundan sonrakı mərhələdə inkişafının yol xəritəsidir. Dövlət başçısı İlham Əliyev “Azərbaycan” məhəlləsinin açılışı mərasimindəki çıxışında da diqqəti bu sənədin imzalanmasına yönəldərək bildirdi ki, dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan – iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.
Böyük öndərlər – Mustafa Kamal Atatürkün “Azərbacanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezisləri bütün dövrlər üçün öz aktuallığını qoruyur. Sevincli, kədərli anlarda daim biri-birinə dəstək olan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamı da qeyd etdi ki, biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.
Vüqar Rəhimzadə vurğulayıb ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələ qardaş ölkə üçün növbəti sınaq oldu. Azərbaycan dövləti və xalqı ilk gündən qardaş ölkənin yanında oldu. Azərbaycan dövləti ilə yanaşı, aidiyyəti qurumların, eləcə də ictimai təşkilatların və ölkə əhalisinin yardım kampaniyalarına fəal şəkildə qoşulması bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının nə qədər güclü olduğunu göstərdi. Azəbaycan xalqı “Qardaş Türkiyənin yanındayıq” çağırışını səsləndirdi və bunu əməli ilə sübut etdi. Bu təbii fəlakət saysız-hesabsız sınaqlardan çiyin-çiyinə verərək mətanətlə çıxan Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, əbədiliyini bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyinə gəlib çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdikdən sonra səfirlə söhbət zamanı bu əminliyi ifadə etmişdi ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir.
Zəlzələdən dərhal sonra Rəcəb Tayyib Ərdoğanan liderliyi ilə axtarış-xilasetmə işlərinə başlanıldı, ondan sonra yenidənqurma və inşaat işlərinə start verildi. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər. O da bildirildi ki, Kahramanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha kahramanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Artıq bu məhəllə sakinlərini qarşıladı. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, “Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur.
Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi bu sarsılmaz qardaşlığın rəmzinə çevriləcək. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını belə dəyərləndirdi: “Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur. Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən canlanır. İlham qardaşımın da daim nəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımıza etibarlı, firavan yuva, görənlərin həsəd aparacağı, özünə heyran qoyacağı bir əsər olacaq.”
Vüqar Rəhimzadə bildirib ki, hər gün Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yeni bir uğur səhifəsini yazır. Bu, ölkələrimizin, xalqlarımızın daim bir yerdə olduğunun, hər zaman hədəflərə doğru birgə addımladıqlarının göstəricisidir. Azərbaycan ilə Türkiyə bu gün regionda və beynəlxalq müstəvidə bir-birinin ən etibarlı tərəfdaşı kimi çıxış edir.