“ABŞ-a bu mərhələdə böyük məsuliyyət düşür”


“İran-İsrail müharibəsi tam şəkildə proqnozlaşdırıla bilməyən ssenarilər təhlükəsini özündə saxlayır. Bu təhlükəli ssenarilər həm bütövlükdə region üçün, həm də dünya miqyasında sülh və təhlükəsizlik baxımından ciddi təhdidlər yaradır. Əgər bu müharibə vaxtında dayandırılmasa, regionu və dünyanı nə gözlədiyini proqnozlaşdırmaq, hətta 30–40% ehtimalla belə, mümkün deyil və bu da olduqca dəhşətli nəticələr vəd edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, müharibənin İranda və İsraildə törədəcəyi humanitar faciələrin miqyasını təsəvvür etmək belə çətindir. İranın çoxmillətli ölkə olması, İsrailin ərazi baxımından zəifliyi, hər iki tərəfin çox dağıdıcı silahlara malik olması və olduqca inadkar mövqe nümayiş etdirmələri vəziyyəti sadəcə iki ölkə arasındakı qarşıdurmadan çıxarıb cəmiyyətlərarası qarşılıqlı nifrət səviyyəsinə çatdırıb: “Eyni zamanda, bu müharibənin genişlənməsi də çox böyük təhlükə yaradır. Müharibənin bölgənin digər dövlətlərinə yayılmaq ehtimalı real görünür. İsrail müttəfiqi kimi ABŞ-ın bu müharibəyə müdaxiləsi tələb olunur. ABŞ-ın bu savaşda iştirak etməsi isə təkcə kiçik ölkələri deyil, Rusiyanı və Çini də məsələyə müdaxiləyə vadar edə bilər. Artıq bəzi ərəb və müsəlman ölkələrinin – 20-yə yaxın dövlətin – xarici işlər nazirləri müharibəyə dair narahatlıqlarını ifadə ediblər. Türkiyə də bölgənin aktiv gücüdür və indiki mərhələdə İranı müdafiə edən mövqe sərgiləyir. Bu isə vəziyyəti daha da gərginləşdirə bilər.

Rusiya prezidenti də açıq şəkildə İranı dəstəkləyən bəyanatlar verib və İsrailin İrandakı atom obyektlərinə hücumlarını pisləyib. Atom elektrik stansiyalarında Rusiyaya məxsus maraqlar var – 200-dən çox rus mütəxəssis orada çalışır. Həmin obyektlərin vurulması sözün əsl mənasında böyük nüvə fəlakətinə səbəb ola bilər. Nəticə olaraq, bu müharibə sadəcə İran və İsrail arasında deyil – onun davam etməsi bütün regionu və dünyanı oda qalar və bu, real bir Üçüncü Dünya Müharibəsi təhlükəsi yarada bilər. ABŞ-a bu mərhələdə böyük məsuliyyət düşür. Əgər ABŞ İsrailin tərəfində açıq şəkildə müharibəyə daxil olsa, bu, II Dünya Müharibəsindən sonra bəlkə də ən böyük apokaliptik ssenariyə çevrilə bilər”.

Əlaqəli Xəbərlər