“21 iyun Beynəlxalq Yoga Günü kimi qeyd olunur. Bu münasibətlə müxtəlif ölkələrdə, o cümlədən Avropa və Asiya dövlətlərində müxtəlif tədbirlər təşkil edilir. Azərbaycanda da bu gün qeyd olunur və bu çərçivədə yoga müəllimləri bir araya gəlir, açıq dərslər keçirilir. Həmin dərslərdə istənilən şəxs iştirak edə bilər”. Bu sözləri SİA-ya açıqlamasında yoga üzrə təlimçi Ruqiyyə Əşrəfli deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu tədbirlər ənənəvi olaraq Hindistan Səfirliyi tərəfindən təşkil olunur və təşkilati məsələlər əsasən onlar tərəfindən həyata keçirilir, müəllimlər dəvət edilir və müvafiq fəaliyyətlər reallaşdırılır: “Bu tədbirlər insanların marağına səbəb olur, geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilir və adətən ödənişsiz olur. Bu isə yoga mədəniyyətinin təbliği baxımından əhəmiyyətli bir vasitədir. Beləliklə, bu günün Azərbaycanda da qeyd olunması müsbət hal kimi qiymətləndirilə bilər.
Yoga sahəsində artıq 15 ildən çoxdur fəaliyyət göstərirəm və bu sahədə şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, yoga mənim üçün sağlam həyat tərzidir. Əgər siz yoga ilə məşğul olursunuzsa, qidalanmaya fikir verməlisiniz, düşüncələrə diqqət yetirməlisiniz, sözlərinizə və əməllərinizə də eyni dərəcədə diqqət yetirməlisiniz. Yoga bütün bu amillərin və həyat tərzinin vəhdət təşkil etdiyi bir anlayışdır.
Əgər siz yalnız fiziki sağlamlığınıza diqqət yetirərək yoga hərəkətləri edirsinizsə, lakin qidalanma və həyat tərzinizi nəzərə almırsınızsa, bu, tam mənada yoga ilə məşğul olmaq sayılmır. Çünki yoga insanın daxili və xarici müvazinətinin formalaşmasına yönəlmiş bir sistemdir və nəticə etibarilə həyatınız daha sağlam, təmiz və balanslı bir formaya keçməlidir”.
Təlimçi qeyd edib ki, yoga ilə məşğul olarkən əvvəlcə fiziki məşqlər edilir, nəfəs alma texnikaları öyrənilir: “Düzgün nəfəs alma üsulları, müxtəlif texnika və yanaşmalar tətbiq olunur. Zaman keçdikcə bədən rahatlaşır, esnəyir və yüngülləşir. Bundan sonra insan təbii olaraq qidalanmasına diqqət yetirməyə başlayır – nə yeyir, nə vaxt yeyir, harada yeyir – bütün bunlara əhəmiyyət verir.
Nəticə etibarilə düşüncələr də dəyişməyə başlayır: insan daha pozitiv düşünür, neqativ təsirlərdən uzaqlaşmağa çalışır. Yoga ilə uzunmüddətli məşğul olduqda, yəni bir neçə il ərzində bu fəaliyyət davam etdirildikdə, bədənin təmizlənməsi prosesi təbii olaraq baş verir.
Yoga idman deyil. Çünki idmanda əsas diqqət fiziki bədənə yönəlir. İdmanda məqsəd bədənin sağlam, güclü və dayanıqlı olmasıdır. Bəzi məqsədlər uğrunda daha yüksək nəticələr əldə etmək üçün mütəmadi məşqlər aparılır və fiziki güc artırılır. Yogada isə fiziki hərəkətlərin olması ilə yanaşı, daha dərindən və çoxşaxəli bir yanaşma mövcuddur.
Yogada biz də fiziki məşqlər edirik, lakin burada əsas fərq odur ki, bu hərəkətlərlə yanaşı nəfəsə fokuslanırıq, bədən və nəfəs arasındakı əlaqəni qururuq və meditasiya praktikasını icra edirik. Meditasiya isə insanın şüuraltını təmizləmək, daxili sakitlik və nəzarət bacarığını artırmaq üçün vasitədir. Bu proses zamanı insan öz diqqətini idarə etməyi, düzgün oturmağı, bədənini düz və sabit saxlamağı öyrənir”.
Həmçinin o bildirib ki, yoga yalnız fiziki hərəkətlər toplusu deyil: “Onun idmanla oxşar fiziki tərəfləri olsa da, yoga həm də mənəvi bir məşqdir. Nəfəs texnikaları, meditasiya və zehni təmizlik onun ayrılmaz hissələridir. Bu səbəbdən yoga birmənalı şəkildə yalnız fiziki məşq kimi deyil, həm də mənəvi inkişaf vasitəsi kimi qiymətləndirilməlidir.
“Sağlam bədəndə sağlam ruh” ifadəsi burada öz tam mənasını tapır və yoga bu iki amili özündə birləşdirən unikal bir sistemdir. Yalnız ruhani inkişafla məşğul olmaq kifayət etmir, çünki ruhun yaşadığı bir məkan var – bu da bədəndir. Ona görə də bədənin də inkişaf etdirilməsi vacibdir. Yogada bu harmoniya mövcuddur: həm bədən, həm də ruh üzərində işləmək imkanı təqdim olunur.
Bədənin inkişafı fiziki hərəkətlər və pozalar vasitəsilə təmin olunur, ruhun inkişafı isə meditasiya və zehni təmrinlərlə həyata keçirilir. Bu iki sahənin bir araya gəlməsi və onların idarə olunması üçün isə xüsusi nəfəs texnikaları mövcuddur. Bu texnikalar vasitəsilə insan öz bədənini, zehnini və enerjisini tarazlaşdırmağa nail olur.
Yoga ilə məşğul olduqda, insan bir çox problemi eyni anda həll edə bilir. Məsələn, əgər siz yalnız idmanla məşğul olursunuzsa, əsas diqqət fiziki problemlərin aradan qaldırılmasına yönəlir. Lakin yoga həm fiziki, həm psixoemosional, həm də mənəvi və ruhani problemlərin aradan qalxmasına kömək edir. Bu, hormonal tarazlığın bərpasına da təsir göstərir. Yoga ilə müntəzəm məşğul olduqda, insan tədricən daha sağlam və balanslı bir şəxsə çevrilir.
Yoga yalnız xəstəliklərin müalicəsində deyil, eyni zamanda profilaktik məqsədlə də tətbiq oluna bilər. Bu praktika istər mövcud problemlərin aradan qaldırılması, istərsə də problemlər yaranmamışdan əvvəl qarşısının alınması baxımından təsirlidir.
Nəticədə insan öz bədəninin təmizləndiyini hiss edir və tam mənada sağlam olur. Sağlamlıq isə xoşbəxtliyin təməlidir. İnsan sağlam olduqda, daxili rifah halı da artır, nəticədə ətraf mühitə də müsbət təsir göstərir. Beləcə, hər şey bir-biri ilə əlaqəlidir. Yoga yalnız fiziki məşq deyil, eyni zamanda bir elm, bir fəlsəfə, həyat tərzidir. O, insana bütövlükdə bir inkişaf yolunu təqdim edir”- deyə təlibçi əlavə edib.