ABŞ polisi zərgərlər və kolleksiyaçılar tərəfindən sərgiyə göndərilən zinət əşyalarını oğurlamaqda ittiham olunan 7 nəfərin kimliyini açıqlayıb.
SİA-nın məlumatına görə, bu barədə NBC News xəbər verir. Əşyalar 2022-ci ilin iyul ayında Kaliforniyanın Pasadena şəhərinin Los-Anceles ətrafına gedən zirehli yük maşınından yoxa çıxıb.
Onların arasında qızıl, brilyant, yaqut, zümrüd və saatlar da olub. Bütün məhsulların ümumi dəyəri 100 milyon dollar olaraq qiymətləndirilir.
Prokurorlar zinət əşyalarının yoxa çıxmasında ən azı yeddi nəfərin əli olduğunu müəyyən ediblər. Cinayət ABŞ tarixində ən böyük zərgərlik oğurluğu adlandırılıb.
İyulun 8 və 9-da bəzəklər Kaliforniyanın San Mateo şəhərində nümayiş etdirildi. Növbəti axşam onlar Los-Ancelesə doğru hərəkət edən zirehli maşına yüklənyiblər. Müttəhimlərdən biri Jazael Padilla Resto bir neçə ortaqla birlikdə avtomobili təqib etməyə başlayıb. Onlar iyulun 10-dan 11-nə keçən gecə zirehli yük maşınına daxil olaraq oradan 24 kisə qızıl-zinət əşyaları oğurlayıblar.
Onların bunu necə bacardıqları hələ də məlum deyil.
Prokurorların iddiasına görə, dəstə daha sonra əməliyyat zamanı istifadə etdikləri telefonları söndürərək Şərqi Hollivuda gedib. Polis cinayətkar qrupun izinə düşəndən sonra onların evlərində axtarış aparıblar. Onların bəzilərində oğurlanmış qızıl-zinət əşyaları aşkar edilsə də, qalan zinət əşyalarının yeri hələ də müəyyənləşdirilir.
Nazlı Almuradova