Yay fəsli arıqlamaq üçün ən münasib dövrdür?


Yay fəsli ilin ən isti, ən canlı və eyni zamanda ən diqqətli olunmalı dövrlərindən biridir. Bu mövsümdə havanın temperaturu yüksəldikcə insan orqanizmi daha çox maye itirir, maddələr mübadiləsi sürətlənir və bədən istiliyi artır. Belə bir vaxtda gündəlik həyat tərzi, qida seçimi və su qəbulu insanın ümumi sağlamlığına birbaşa təsir göstərir.

Yayda düzgün və balanslı qidalanma yalnız enerji vermək və toxluq yaratmaq məqsədi daşımır, həm də bədənin maye-elektrolit balansını qorumaq, sərin qalmaq və zərərli təsirlərdən uzaq durmaq üçün böyük əhəmiyyət daşıyır. Həm evdə, həm də açıq havada pikniklərdə, bağlarda, dəniz kənarında qəbul edilən yeməklərin tərkibi və saxlanma şəraiti xüsusilə ön plana çıxır.

Bununla yanaşı, yay fəslində bəzi qidalar tez xarab olduğu üçün zəhərlənmə riski də artır. Bu səbəbdən yeməklərin düzgün saxlanması, hansı içkilərin seçilməsi, günün hansı vaxtında hansı yeməklərin yeyilməsi kimi suallar həm fərdi sağlamlıq, həm də ümumi həyat keyfiyyəti baxımından olduqca vacibdir.

Yay fəsli təbiətin bizə təqdim etdiyi ən zəngin və rəngarəng mövsümdür. Bu dövrdə bazar və dükanlarda müxtəlif təzə meyvə, tərəvəz və göyərtilər bol şəkildə mövcuddur. Qarpızdan tutmuş şaftalıya, pomidordan tutmuş xıyar, reyhan, kəvər və şüyüdə qədər hər biri vitamin və minerallarla dolu mövsümi nemətlərdir. Yayın bu təbii bolluğu düzgün istifadə edildikdə bədənimizin ehtiyac duyduğu vitamin balansını təbii yollarla təmin etmək mümkündür.

Lakin burada vacib olan məsələ təkcə bu məhsulları qəbul etmək deyil, həm də onları doğru seçmək, doğru şəkildə bişirmək və ya istifadə etmək, saxlama şərtlərinə diqqət yetirmək və tarazlı qidalanmaqdır. Çünki düzgün saxlanılmayan və ya uzun müddət istiyə məruz qalan meyvə-tərəvəzlər vitamin dəyərini itirə bilər. Eyni zamanda, eyni tip qidaları çox qəbul etmək bəzi vitaminlərin artıqlığına, digərlərinin isə çatışmazlığına səbəb ola bilər.

Yay aylarında bədən daha çox su və enerji itirdiyi üçün təkcə A, C və D vitaminləri deyil, həmçinin B qrupu vitaminləri, kalium, maqnezium və sink kimi minerallara da ehtiyac artır. Bu balansın qorunması həm immun sisteminin güclü qalmasına, həm dərinin sağlam və parlaq görünməsinə, həm də yay yorğunluğunun qarşısının alınmasına kömək edir.

Yay fəsli bir tərəfdən bolluq və zənginlik mövsümüdürsə, digər tərəfdən də qida təhlükəsizliyi baxımından ən riskli dövrlərdən biridir. Havanın temperaturu artdıqca, xüsusilə 30 dərəcəni keçdikdə, bir çox qida məhsulu – ət, süd məhsulları, yumurta, mayonezli salatlar, bişmiş yeməklər və hətta bəzi meyvə-tərəvəzlər – çox qısa zamanda xarab ola bilər. Bu isə bakteriyaların sürətlə artmasına, toksinlərin əmələ gəlməsinə və nəticədə qida zəhərlənmələrinə səbəb olur.

Yay aylarında baş verən zəhərlənmələrin əksəriyyəti düzgün saxlanmamış və daşınmış qidalarla əlaqəlidir. Ən çox təsadüf edilən hallar isə pikniklərdə, açıq hava tədbirlərində və ya uzaq məsafələrə yemək aparıldığı zaman ortaya çıxır. Çox vaxt insanlar bişmiş yeməyi səhər hazırlayıb günün sonuna qədər isti şəraitdə saxlayır, ya da soyuducu şəraitində qorunmalı olan məhsulları çöldə unudurlar. Halbuki, belə hallarda qidanın görünüşü, dadı və qoxusu dəyişməsə belə, tərkibində insan sağlamlığı üçün təhlükəli mikroorqanizmlər aktivləşə bilər.

Bunun qarşısını almaq üçün düzgün saxlama, daşıma və qida təhlükəsizliyi qaydalarına əməl etmək vacibdir. Bu yalnız sağlamlığı qorumaq üçün deyil, həm də qidanın israf edilməsinin qarşısını almaq üçün əhəmiyyətlidir.

Bəs yay fəslində tez xarab olan qidaları necə qorumalıyıq? Hansı qidalar daha risklidir və onları necə təhlükəsiz saxlamaq olar? Bu suallara cavab tapmaq həm fərdi sağlamlığımızı qoruyar, həm də ailə və yaxınlarımız üçün daha təhlükəsiz qida mühitinin formalaşmasına kömək edər.

Yayda hansı yeməklər orqanizmi sərin saxlayır? Qızmar yay günlərində hansı içkilər daha faydalıdır? Tez xarab olan qidalar necə qorunmalıdır? Yay yeməklərində vitamin və mineral balansı necə təmin olunur? Açıq havada yeyilən yeməklər nə qədər sağlamdır? Bu suallara verilən cavablar yayda həm ləzzətli, həm də sağlam bir qidalanma rejimi qurmağınıza kömək edəcək. SİA mövzu ilə bağlı araşdırma aparıb.

Dietoloq Ləman Süleymanova: “Yay fəslinin insana xas bir sıra özəllikləri vardır. Ümumiyyətlə, bu fəsildə orqanizmin daxili sistemləri, xüsusilə də metabolizm və hormon balansı daha da aktivləşir. Bu dövrdə cildin parlaqlığı artır, yağların parçalanması sürətlənir, və orqanizmdəki gizli mineral balansı tənzimlənir. Metabolizmin aktivləşməsi isə həzm prosesinin daha asan və sürətli getməsinə səbəb olur. Məhz bu səbəbdən mütəxəssislər yay fəslini arıqlamaq üçün ən münasib dövr hesab edirlər. Çünki bu vaxt orqanizmin enerji sərfi artır və yağ yandırma prosesi sürətlənir. Yay fəslində bədən daha çox enerji tələb etdiyi üçün qəbul edilən qidaların həzm olunması və istifadəsi daha effektiv olur. Qış fəslində qəbul edilən qidaların verdiyi enerji, əsasən, günün ilk yarısına qədər (təxminən saat 1-2-yə kimi) bədən tərəfindən istifadə olunur. Lakin yay fəslində bu müddət daha uzun olur — təxminən saat 4-5-ə qədər. Bu isə o deməkdir ki, orqanizm daha uzun müddət qida qəbuluna və enerjinin istifadəsinə açıq qalır. Yayın təbii nemətləri, xüsusilə, mövsümi meyvə və tərəvəzlər, giləmeyvələr bədənin bu fəslə uyğun ehtiyaclarını ödəmək üçün çox uyğundur. Onlar həm yüngül, həm də tərkibi vitamin və minerallarla zəngin olduğu üçün asanlıqla həzm olunur. Bu qidaların tərkibində olan faydalı maddələrə yay fəslində xüsusilə ehtiyacımız var. Bu səbəbdən yay fəslində bu mövsümə uyğun meyvə və tərəvəzləri rasiondan çıxarmamaq, əksinə, onları daha çox istehlak etmək tövsiyə olunur.

Məsələn, qış fəslində orqanizmə lazım olan bəzi vitaminləri, xüsusilə D vitamini (çoxları onu “vitamin D” kimi tanıyır) – süni yollarla, yəni dərman preparatları və əlavələrlə qəbul edirik. Çünki bu mövsümdə günəş işığı az olduğu üçün bədən özü kifayət qədər D vitamini sintez edə bilmir. Lakin yay fəslində vəziyyət dəyişir. Bu dövrdə artıq günəş şüalarının sayı və intensivliyi artır və nəticədə insan orqanizmi D vitaminini birbaşa günəş işığı vasitəsilə qəbul edə bilir. Yayın ortalarından, təxminən mayın 15-dən etibarən isə süni vitamin əlavələrinin istifadəsi adətən dayandırılır və orqanizm təbii qida mənbələrinə yönləndirilir. Təbii qidalar, xüsusilə də, yay fəslində bol olan mövsümi meyvə, tərəvəz və giləmeyvələr müxtəlif vitamin və minerallarla zəngindir. Bu qidalar həm D vitamini sintezinə dəstək verir, həm də A, C, E, B qrupu vitaminləri ilə orqanizmin ehtiyacını qarşılayır. Yəni yay fəsli təbiətin insan sağlamlığına verdiyi ən gözəl hədiyyələrdən biridir. Bu dövrdə süni əlavələrə ehtiyac minimuma enir və bədən öz təbii ritminə qayıdır. Ona görə də, yay fəslində sağlam qidalanmaya daha çox önəm verilməli və mövsümi məhsullar rasiondan əskik edilməməlidir.

Yay fəslində insanlar daha çox açıq havada istirahət etməyə, xüsusilə də, pikniklərə üstünlük verirlər. Bu, həm sosial baxımdan faydalıdır, həm də təbiətlə təmasda olmaq sağlamlıq üçün müsbət təsir göstərir. Lakin bu gözəl istirahət anları bəzi hallarda sağlamlıq üçün təhlükəyə çevrilə bilər, qida seçimi və saxlanma şəraiti düzgün olmadıqda. Pikniklərdə üstünlük verilməli olan qidalar sadə, tez xarab olmayan və təbii məhsullar olmalıdır. Məsələn, kəsilməmiş meyvə və tərəvəzlər, pendir, çörək, çərəzlər bu baxımdan münasib sayılır. Bu cür qidalar həm istifadəyə hazırdır, həm də qısa müddətli daşınma və isti havada saxlanma şəraitində nisbətən təhlükəsizdir. Təəssüf ki, bəzi hallarda insanlar evdə hazırlanmış yeməkləri – mayonez tərkibli salatları, ət və ya digər tez xarab olan yeməkləri piknikə aparırlar. Bu cür qidalar isti hava şəraitində çox tez xarab olur və bakteriyaların, zəhərli toksinlərin yaranması üçün əlverişli mühit yaradır. Bu toksinlər bəzən qidanın dadında və görünüşündə dəyişiklik yaratmasa da, insan orqanizminə ciddi ziyan vurur və qida zəhərlənmələrinə səbəb ola bilər. Əgər piknikə uzun məsafə qət olunacaqsa və ya yeməklər bir neçə saat isti havada saxlanacaqsa, evdə bişirilmiş və soyuducu şəraitdə saxlanması vacib olan məhsulların daşınması qətiyyən məsləhət görülmür. Hətta bu cür yeməkləri sonradan günəş altında yenidən qızdırmaq və ya açıq havada uzun müddət saxlamaq orqanizm üçün ciddi təhlükə yarada bilər. Nəticə olaraq, yay fəslində piknik zamanı sağlamlığımızı qorumaq üçün: Sadə, təbii və az riskli qidaları seçmək, soyuq saxlanılması vacib olan məhsullardan uzaq durmaq, qidaları günəş işığında saxlamamaq və sərin mühitdə qorumağa çalışmaq vacibdir. Bu kiçik ehtiyat tədbirləri yayda xoş istirahətin zəhərlənmə ilə nəticələnməsinin qarşısını ala bilər.

Azərbaycanda insanların böyük əksəriyyəti çaya xüsusi yer verir. Bu, bizim gündəlik həyatımızın bir parçasıdır. Amma yay fəslində çayın istifadəsi ilə bağlı bəzi məqamlara diqqət yetirmək lazımdır. Çünki yayda hava isti olur, bədənimiz daha çox su itirir və bu dövrdə qəbul etdiyimiz qidalar və içkilər orqanizmə daha sürətli təsir edir. Əgər biz isti havada tez-tez tünd çay və ya qəhvə kimi kafeinli içkilər qəbul ediriksə, bu bədənimizdəki suyun daha da çox itirilməsinə səbəb olur. Belə içkilər böyrəklərə yük salır, bədənimizi susuzlaşdırır və halsızlıq yarada bilər. Ona görə də yay aylarında belə içkiləri az içmək, əvəzində daha təbii və sərinləşdirici içkilərə üstünlük vermək daha doğrudur. Məsələn: evdə hazırlanmış limonlu və nanəli su, təbii meyvə suları və kompotlar, bitki çayları (zəncəfil, çobanyastığı, kəklikotu və s.), həm dadlı, həm də orqanizm üçün xeyirlidir. Yayda necə qidalanmaq lazımdır? Yay aylarında ağır, yağlı yeməklərdən uzaq durmaq tövsiyə olunur. Çünki isti havada belə yeməklər orqanizmi daha da yorur, həzmi çətinləşdirir. Bunun əvəzinə daha yüngül, təbii və sulu qidalara üstünlük vermək lazımdır. Məsələn: Mövsümə uyğun meyvə və tərəvəzlər, yaşıl göyərtilər, qatıq və ya yoğurt kimi süd məhsulları, qaynadılmış və buğda bişmiş sadə yeməklər. Xüsusilə, axşam yeməklərinə diqqət etmək lazımdır. Çalışmaq lazımdır ki, axşam çox gec yeməyək və yediyimiz yeməklər yüngül olsun. Axşam ağır yeməklər orqanizmə əlavə yük yaradır, yuxu keyfiyyətini də azaldır. Ən yaxşısı budur ki, əsas yeməklər günün birinci yarısında – səhər və günorta saatlarında qəbul olunsun, axşam isə sadə, yüngül yeməklərlə kifayətlənək”.

Əlaqəli Xəbərlər