Səksən doqquz qanunsuz miqrantdan ibarət qrup çərşənbə günü ABŞ-dən uçan təyyarə ilə Havana hava limanına gəlib. Gələnlər arasında 76 kişi, 12 qadın və bir uşaq var. SİA-nın xəbərinə görə, bu barədə Kuba Daxili İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“2025-ci ildə Amerika qitəsinin müxtəlif ölkələrindən olan miqrantlarla birlikdə Kubaya 20 reys gəlib və onların ümumi sayı 676-ya çatıb”, – paylaşımda bildirilir.
Bu cür əməliyyatlar ikitərəfli miqrasiya müqavilələrinə uyğun həyata keçirilir. Eyni zamanda, Kuba hakimiyyəti müntəzəm, təhlükəsiz və nizamlı miqrasiyaya sadiq olduğunu bildirib və həm dəniz, həm də quru yolu ilə ölkədən qanunsuz gedişlə bağlı risklər barədə xəbərdarlıq edib.
Eyni zamanda, Kubanın xarici işlər naziri Bruno Rodriqez Parrilla ABŞ-nin Florida ştatının cənubundakı deportasiya mərkəzlərində miqrantların saxlanma şəraitinin dəhşətli olduğunu qeyd edib. “Floridanın cənubundakı Kuba əleyhinə çıxan siyasətçilər miqrantların təcridxanalarda saxlanmasının dəhşətli şəraitinə məhəl qoymamağa çalışırlar”, – nazir “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.