Özünü sevmək nədir?


“Müasir dövrdə şəxsi inkişaf və psixoloji sağlamlıq mövzularında tez-tez bir ifadəyə rast gəlirik: “Özünü sev.” Motivasiya kitabları, seminarlar, sosial şəbəkələrdəki paylaşımlar insanlara özlərini sevməyi, dəyərləndirməyi tövsiyə edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Brainspotting terapisti Pərvanə Musayeva deyib.

O bildirib ki, lakin bu çağırış bəzən yanlış anlaşılır və “özünü sevmək” eqoistlik kimi başa düşülür: “Bəs həqiqətdə özünü sevmək eqoistlikdirmi, yoxsa sağlam psixologiyanın bir təzahürüdür?

Özünü sevmək nədir?

Özünü sevmək insanın öz dəyərini və və özünün bütün xüsusiyyətlərini qəbul etməsi, öz ehtiyaclarına hörmət etməsi və daxili harmoniyasını qorumasıdır.

Özünü sevən insan: Öz sərhədlərini bilir və qoruyur. Özünə qarşı anlayışlı və şəfqətli olur. Xətalarını qəbul edib onlardan öyrənir. Başqalarının dəyərini inkar etmədən öz dəyərini tanıyır.

Eqoistlik nədir?

Eqoistlik başqalarının ehtiyac və hisslərini nəzərə almadan yalnız öz maraqlarını üstün tutmaqdır.

Eqoist insan: Başqalarının sərhədlərinə hörmət etməz. Yalnız öz rahatlığını və mənfəətini düşünər. Sosial münasibətlərdə təkcə öz qazancını önə çəkər.

Çox vaxt cəmiyyətdə özünü sevmək və eqoistlik anlayışı qarışdırılır. Halbuki onlar bir-birindən köklü şəkildə fərqlənir:

Erich Frommun fikrincə: “Başqasını sevə bilmək üçün insan əvvəlcə özünü sevməyi bacarmalıdır.”

Sağlam psixologiyada özünü sevməyin rolu mühüm amillərdəndir. Özünü sevən insan daha güclü emosional dayanıqlığa sahib olur. Tənqid və çətinliklərlə daha sağlam mübarizə aparır. Sağlam münasibətlər qurur, çünki münasibətlərdə həm verən, həm alan tərəf olur. Stress və tükənmişlik sindromundan qorunmağa daha meyilli olur. Əksinə, özünü sevməyən insan isə aşağı özdəyər hissi ilə yaşar. Özünü tənqid və daxili gərginlik içində boğulur. Başqalarının sevgisinə həddindən artıq möhtac hiss edir. Asılı və zərərli münasibətlərə düşmək riski daşıyır.

Niyə bəzən özünü sevmək eqoistlik kimi görünür?

1. Cəmiyyətin köhnə inancları: Bir çox mədəniyyətlərdə fədakarlıq və özünü qurban vermək ideal kimi təqdim edilir. Belə bir mühitdə sərhəd qoyan və ehtiyaclarını ön plana çəkən insan eqoist adlandırıla bilər.

2. Yanlış təqdim edilən “özünü sev” mesajları: Bəzən motivasiya şüarları yalnız “öz rahatlığını düşün, başqalarına əhəmiyyət vermə” kimi təqdim olunur. Bu isə insanlarda çaşqınlıq yaradır.

3. Sərhəd qoymağın düzgün anlaşılmaması: Özünü sevən insan “yox” deməyi bacarır. Bu isə bəzi insanlar üçün eqoistlik kimi görünə bilər, halbuki bu sağlam sərhədin göstəricisidir.

Özünü sevən insan başqalarına da sevgi və anlayış göstərə bilir. Əslində, başqalarına dəyər verməyin və empati qurmağın yolu özümüzlə barışıq olmaqdan keçir. Nəticə olaraq, özünü sevmək eqoistlik deyil, sağlam psixologiyanın əsas şərtidir. Erich Fromm-un fikrini xatırlamaq yerinə düşər: “Başqasını sevə bilmək üçün insan əvvəlcə özünü sevməyi bacarmalıdır”.

Əlaqəli Xəbərlər