FHN təlim keçirib


Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində “Dənizdə neft dağılmalarının ləğvi” mövzusunda taktiki təlim keçirib. SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd sularda mümkün qəzaların, o cümlədən neft və neft məhsullarının dağılması ilə əlaqədar yarana bilən fövqəladə hallara çevik reaksiyanın verilməsi məqsədilə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən təşkil olunan təlimdə, həmçinin SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin və “Azneft” İB-nin nümayəndələri müşahidəçi qismində iştirak ediblər.

Təlimə bir ədəd yedək gəmisi, beş ədəd xüsusi təyinatlı kater və neft dağılmalarının ləğvi üzrə avadanlıqlar cəlb olunmaqla, bon çəpərləri vasitəsilə dənizə “dağılmış neftin” yayılmasının qarşısı alınıb və skimmer qurğusunun köməyi ilə “dağılmış neft” dəniz səthindən “yığılaraq aidiyyəti üzrə təhvil verilib”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Əlaqəli Xəbərlər