Xankəndi şəhəri, Ağdərə və Xocalıya sahibkarlar tərəfindən bu günədək 45 milyon manat investisiya qoyulub. SİA xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.
Onun sözlərinə görə, Xankəndi şəhəri yaxın vaxtlarda müasir şəhərə, modern yaşayış məntəqəsinə çevriləcək:
“Hazırda Xankəndi şəhərinin müxtəlif küçə və prospektlərində geniş miqyasda bərpa-yenidənqurma işləri aparılır. Çoxmənzili yaşayış binaları təmir edilir, Zəfər parkı tikilir. Bundan başqa Xankəndi şəhərinə Şuşadan kanat yolu da çəkiləcək. Avtomobil yolları da yenidən qurulur. Görülən işlər onu deməyə əsas verir ki, Xankəndi yaxın gələcəkdə müasir şəhərlərdən biri olacaq. Bu isə bura həm yerli, həm də xarici turistlərin axınına səbəb olacaq. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında sahibkarlıq fəaliyyətinə də xüsusi diqqət yetirilir. Bu bölgəyə sahibkarlar tərəfindən bu günədək 45 milyon manat investisiya qoyulub. Bu da bölgəyə mərhələli şəkildə köç edəcək keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həllində xüsusi imkan yaradacaq”.