Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb


İyunun 15-də Ukrayna ərazisinə daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb. Bu, İstanbulda keçirilən danışıqlardan sonra həyata keçirilən dördüncü repatriasiya mərhələsidir.

SİA-nın məlumatına görə, bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahına istinadla xəbər verir.

“Ukraynaya daha 1200 cənazə qaytarılıb. Rusiya tərəfinin iddialarına əsasən, qaytarılan cənazələr Ukrayna vətəndaşlarına, o cümlədən hərbi qulluqçulara aiddir”, – deyə məlumatda bildirilir.

Cənazələrin kimliyinin müəyyən edilməsi üzrə ekspertiza işləri Ukraynanın hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyinin müvafiq ekspert qurumları tərəfindən aparılacaq.

Repatriasiya prosesi Koordinasiya Qərargahı, Ukrayna Təhlükəsizlik Xidməti, Silahlı Qüvvələr, Daxili İşlər Nazirliyi, İnsan hüquqları üzrə Ombudsman Aparatı, xüsusi şəraitdə itkin düşən şəxslərlə bağlı səlahiyyətli nümayəndənin katibliyi, Fövqəladə Hallar üzrə Dövlət Xidməti və təhlükəsizlik–müdafiə sektorunun digər qurumlarının əməkdaşlığı ilə mümkün olub.

Qərargah eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinə göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

Xatırladaq ki, İstanbulda keçirilən danışıqların ikinci raundu zamanı Ukrayna və Rusiya arasında genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəlinib. Tərəflər yaralılar, ağır xəstələr və 18–25 yaşlı əsirlərin geri qaytarılması ilə bağlı razılaşıblar.

Əsir mübadiləsi iyunun 9-u, 10-u, 12-si və 14-də həyata keçirilib. Azad olunanlar arasında 2022-ci ildən bəri əsirlikdə olan hərbçilər, o cümlədən Mariupol müdafiəçiləri və zabit heyəti də var.

İstanbul danışıqlarında, həmçinin “6000 nəfərin 6000 nəfərə” formulu əsasında həlak olmuşların cənazələrinin qarşılıqlı qaytarılması barədə də razılıq əldə edilib.

Repatriasiya tədbirləri 11 və 13 iyunda həyata keçirilib. Dünən Ukraynaya qaytarılan 1200 cənazə də bu prosesin tərkib hissəsidir.

Əlaqəli Xəbərlər