“15 İyun sadəcə bir tarix deyil, bir millətin qurtuluş günüdür”


Milli Qurtuluş Günü – 15 iyun, Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir. 1993-cü ildə ölkədə siyasi böhran və xaos yaşanarkən xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Onun rəhbərliyi ilə ölkədə sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndi, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Bu gün Azərbaycanın müstəqil və güclü dövlət kimi inkişafının təməlini qoyduğu üçün Milli Qurtuluş Günü böyük tarixi və siyasi əhəmiyyətə malikdir.

SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini, ehtiyatda olan polkovnik Telman Tağıyev: “15 iyunla bağlı çox gözləntilərimiz olmuşdu. Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı, əslində bizim üçün böyük bir dönüş nöqtəsi oldu. Bu, təkcə sadə bir rəhbərin geri dönməsi deyildi, bu, Azərbaycanın tale yolunda bir istiqamət dəyişikliyi idi. O vaxtlar ölkə xaosdaydı, şimalda, cənubda, hər tərəfdə qarşıdurmalar, idarəolunmazlıq hökm sürürdü. Mən heç “xarici qüvvələr”, “daxili təsirlər” demirəm, sadəcə olaraq, böyük bir rəhbərsizlik hökm sürürdü. Dövlətin özü belə süqutun bir addımlığında idi. Ulu Öndər gəldi. Qısa zamanda ölkədə sabitliyi bərpa etmək üçün addımlar atdı. Özünü riskə ataraq Gəncəyə getdi, vəziyyəti yerindəcə araşdırdı, xalqla üzbəüz dayandı. Bundan sonra baş verənlər isə artıq hamının gözü qarşısında oldu. Mən Ulu Öndərə minnətdaram. Onun yolunu, ideyalarını hər zaman dəstəkləmişəm. Əqidəm bu yolda dəyişməyib və heç vaxt da dəyişməyəcək. Bu gün isə Onun siyasi varisi, Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev onun başladığı işi uğurla davam etdirir. Allah onun canını sağ eləsin! O, Azərbaycanın tamlığı, bütövlüyü naminə tarixdə görünməmiş bir qələbəyə imza atdı. 270 il ərzində heç bir sərkərdə, heç bir lider Azərbaycan torpaqlarını geri qaytara bilməmişdi. Bu, böyük zəfərdir və bu zəfərin arxasında güclü iradə, xalqla bir olan lider dayanır. Biz hamımız bu uğur üçün Prezidentə, Ordumuza, şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! Mən özüm də döyüş bölgəsində olmuşam, mənə də qismət oldu ki, döyüş yolu keçdim. Amma mənimlə bərabər döyüşən, məndən daha cəsarətli, məndən daha igid olan çox əsgərimiz şəhid oldu. Onları heç vaxt unutmayacağıq. Bu gün biz azadıqsa, sabitlik içindəyiksə, bunun kökündə Ulu Öndərin 1993-cü ildə atdığı qətiyyətli addımlar durur. 15 İyun sadəcə bir tarix deyil, bir millətin qurtuluş günüdür”.

Şəhər sakini Ərrəhman Əhmədov: “Sovet İmperiyasının tərkibindən çıxdıqdan sonra ölkədə hərc-mərclik hökm sürürdü. Məhz 15 iyun Milli Qurtuluş Günü, Allah rəhmət eləsin Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə, bu qarışıqlığa son qoyuldu. Onun sayəsində xalq dövlətçiliyə, sabitliyə, nizama qovuşdu. Milli Qurtuluş Günü millət olaraq quruluş və birliyin başlanğıcı oldu”.

Şəhər sakini Rəqibə Hüseynzadə: “1993-cü ildə deyə bilərik ki, Azərbaycanın taleyinin dəyişdiyi bir məqamda mərhum prezident Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi prosesi gedirdi. Vətəndaş qarşıdurması vəziyyəti yaranmışdı. Hətta ordu hissələri bir-birinin qarşısına çıxarılırdı. Zirehli texnikalar küçələrdə idi. Vəziyyət çox gərgin və təhlükəli idi. Əslində bu, bir qardaş qırğınına çevrilə bilərdi. Ancaq vəziyyət dəyişdi. İnsanlar təmkin göstərdi, Heydər Əliyevin siyasi təcrübəsi və xalqın ona olan inamı nəticəsində proseslər sakitləşdi. Ordu hissələri geri çəkildi. Qan tökülmədən məsələ yoluna qoyuldu. Bu da göstərdi ki, düzgün liderlik və xalqın birliyi ilə ən çətin vəziyyətlərdən belə çıxmaq mümkündür”.

Şəhər sakini Elxan Bəylərov: “Çünki həmin dövrdə Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Ölkədə baş verən proseslər demək olar ki, nəzarətdən çıxmaq üzrə idi. Buna səbəb isə idarəçilikdəki səriştəsizlik idi. Məhz belə bir zamanda siyasi liderlik keyfiyyətinə malik, peşəkar bir siyasətçinin Heydər Əliyevin hakimiyyətə gəlməsi, ölkədə cərəyan edən prosesləri nəzarətə götürməsi, müxtəlif bölgələrdə alovlanan münaqişələri minimum müddətdə və maksimum səviyyədə həll etməsi, bütövlükdə ölkəni səfərbər edib diqqəti Qarabağ müharibəsinə yönəltməsi xalqımızın tarixində mühüm əhəmiyyət kəsb etdi. Məhz o çaxnaşma, çaşqınlıq və böhran vəziyyətindən çıxış yolu tapıldı. Bu, əslində bir xilasa, bir qurtuluşa aparan yol idi. Ona görə də həmin gün 15 İyun ölkəmiz üçün təkcə siyasi deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır”.

Şəhər sakini Gülarə Qocayeva: “Azərbaycanın müasir tarixində15 İyun xüsusi əhəmiyyətə malik gündür. Bu gün təkcə bir tarixi fakt deyil, eyni zamanda bir xalqın gələcəyini dəyişdirən böyük dönüş nöqtəsidir. 1993-cü ilin həmin iyun günlərində ölkə ağır sınaqlarla üz-üzə idi. Dövlətçiliyin əsasları sarsılmış, vətəndaş müharibəsi təhlükəsi reallığa çevrilmiş, iqtidar və idarəçilik böhranı dərinləşmişdi. Hakimiyyətin zəifliyi, siyasi qeyri-sabitlik və regionlarda baş verən silahlı qarşıdurmalar ölkəni faktiki olaraq parçalanma həddinə çatdırmışdı. Belə bir məqamda xalqın təkidi və çağırışı ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə yeni bir mərhələ başlandı. Bu, Azərbaycanın məhv olmaq təhlükəsindən xilas edilməsi və sabitliyə, inkişaf yoluna qədəm qoymasının başlanğıcı oldu. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dəmir iradəsi və uzaqgörən liderlik bacarığı sayəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutları bərpa edildi, ordu quruculuğu başladı və beynəlxalq aləmdə Azərbaycanın mövqeyi möhkəmləndirildi.15 İyun bu mənada yalnız bir tarixi gün deyil, həm də milli dirçəlişin, xalqla dövlətin birliyinin, sabitliyin və inkişafın başlanğıc nöqtəsidir. Bu səbəbdən də 15 İyun Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi rəsmiləşdirilmiş və hər il bayram kimi qeyd olunur. Bu gün yalnız Heydər Əliyevin siyasi irsinə hörmətin ifadəsi deyil, həm də müstəqil Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində duran qərarın xatırlanmasıdır. Əgər 1993-cü ildə xalq bu seçim etməsəydi, bu gün müstəqil, güclü və qalib Azərbaycan reallığı olmayacaqdı. 15 İyun – qurtuluşun, vəhdətin, dirçəlişin və gələcəyə inamın rəmzidir”.

Əlaqəli Xəbərlər