“Bir gündən sonra 15 iyun Milli Qurtuluş Gününü qeyd edəcəyik. Bu tarix xalqımızın və müstəqil dövlətimizin taleyinin böyük bəlalardan xilas olunduğu unudulmaz bir gündür. Xalqımız xoşbəxtdir ki, dövlətin çətin günündə müraciət edə bilən və inanaraq öz taleyini etibar edə bilən Ümummilli Lider Heydər Əliyev kimi dahi bir şəxsiyyəti oldu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Heydər Əliyev kimi böyük Liderimiz olmasaydı ikinci dəfə müstəqilliyinə qovuşmuş dövlətimizi və xalqımızı nələr gözlədiyini təsəvvür etmək heç də çətin deyildi: “Çünki, bizim əkəriyyətimiz o təlatümlü günlərin, tarixin şahidi olmuşuq. Xalqın taleyini düşünərək qətiyyətli addımları ata bilməyən lidersiz bir ölkənin gələcəyi heç də parlaq olmur. Dünyada baş verən hadisələr və xalqın gələcəyini düşünərək ölkəni bəlalardan qurtara biləcək rəhbərləri olmayan ölkələrin yaşadıqları faciəli günlər gözümüzün qarşısında baş verir.
Bu baxımdan 90-cı illərin əvvəlində yaşadığımız acı taleyimizin xilaskarı Ulu Öndər Heydər Əliyevin dövlətimizin, o cümlədən hər birimizin və həm də gələcək nəsillərimizin həyatında rolunun əvəzsiz olduğunu həmişə qeyd olunacaqdır. Çünki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının elə bir arxitekturasını yaratdı ki, bu arxitektura dövlət müstəqilliyimizin daimiliyinin təminatçısına çevrildi. Dahi Lider həyatımıza azərbaycançılıq ideologiyasını gətirməklə xalqımızın monolit birliyi və həmrəyliyini sarsılmaz edərək vahid müstəqil dövlət modelini yaratdı”.
Millət vəkili həmçinin qeyd edib ki, bu gün ərazilərini işğaldan azad edərək erməni separatizmin kökünü kəsən, beynəlxalq siyasi münasibətlər sistemində layiqli yerini tutan, yeni reallıqlar yaradan və dünyaya günəş kimi doğan müstəqil Azərbaycan dövləti yaranmışdır: “Bu gün Azərbyacan Respublikası ata vəsiyyətini sədaqətlə yerinə yetirən Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qalib və söz sahibinə çevrilmiş güclü bir dövlətə çevrilmişdir.
15 iyun həm də azad Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığı gündür. Dahi Liderimiz Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” müdrik kəlamının məhz Şuşada dövlət başçılarımız tərəfindən Müttəfiqlik Bəyannaməsi imzalamaqla rəsmiləşdirərək dostluq və qardaşlığımızın möhkəm olduğunu bir daha dünyaya bəyan etmiş olduq. Bu gün uğurlarımızı görən dahi Liderimizin ruhu şaddır və Azərbaycan dövləti yaşadıqca xalqımızla bir yerdə əbədi olaraq yaşayacaqdır”- deyə deputat əlavə edib.