“İctimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyətini daimi olaraq dotasiyalar hesabına davam etdirir. Başqa sözlə desək, metropoliten öz gəlirləri ilə tam maliyyələşməni təmin etmək imkanına malik deyil və fəaliyyətinin davamlılığı üçün dövlət dəstəyinə ehtiyac duyur. Bu, əsasən nəqliyyat xidmətlərinin tariflərinin aşağı səviyyədə saxlanılması ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.
Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, bir çox inkişaf etmiş ölkələrin böyük şəhərlərində metro sistemlərinin gediş haqları daha yüksəkdir: “Bu isə həmin sistemlərin maliyyə dayanıqlığını təmin etməyə və xidmət keyfiyyətini yüksəltməyə imkan yaradır. Bakı Metropoliteninin qiymət siyasəti isə əhalinin sosial imkanları nəzərə alınaraq formalaşdırıldığı üçün kommersiya baxımından sərfəli deyil və nəticə etibarilə büdcə vəsaitləri ilə dəstəklənməsini zəruri edir.
Qiymət artımına dair yanaşmamız ondan ibarətdir ki, bu addım sosial cəhətdən həssas əhali qrupları – xüsusilə az təminatlı ailələr və aşağı məvacib alan şəxslər üçün mənfi təsirlər doğura bilər. Bu səbəbdən, tariflərin artırılması prinsip etibarilə məqsədəuyğun hesab edilməsə də, belə bir artımın məhdud həcmdə tətbiqi Bakı Metropoliteninin fəaliyyətinin maliyyə sabitliyinə müəyyən müsbət təsir göstərə bilər. Artım nəticəsində yaranan əlavə vəsait, infrastrukturun saxlanılması, təhlükəsizlik və xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə oluna bilər.
Tarif artımının ümumi ictimai nəqliyyat sisteminə təsiri isə məhdud olacaq. Mövcud artım ciddi səviyyədə olmadığı üçün sərnişin davranışında əhəmiyyətli dəyişikliklər gözlənilmir. Yəni, sərnişinlərin metronu tərk edərək avtobus və ya fərdi avtomobil kimi digər nəqliyyat vasitələrinə keçməsi ehtimalı aşağıdır”- deyə ekspert bildirib.