“Bitkoinin qiyməti iki dəfə yüksələrək 110 min ABŞ dolları civarında qərarlaşmışdır”


“Son aylarda dünyada bitkoinin (BTC) dəyərində nəzərəçarpacaq artım müşahidə olunmuşdur. Belə ki, son bir neçə ay ərzində onun qiyməti demək olar ki, iki dəfə yüksələrək hazırda təxminən 110 min ABŞ dolları civarında qərarlaşmışdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bitkoinin bazar dəyəri əsasən fundamental iqtisadi göstəricilərdən deyil, daha çox spekulyativ amillərdən təsirlənir: “Qiymət dinamikası əksər hallarda bazarda baş verən qısamüddətli alqı-satqı əməliyyatları, investor davranışları və informasiyaya həssaslıqla müəyyən edilir. Bu kontekstdə, kriptovalyutanın dəyərinə beynəlxalq səviyyədə yayılan müxtəlif xəbərlər və siyasi bəyanatlar – xüsusilə də nüfuzlu şəxslərin, məsələn, Donald Tramp kimi siyasi fiqurların açıqlamaları – birbaşa və ya dolayı şəkildə təsir göstərə bilir.

Bitkoin kimi kriptovalyutalar yüksək volatilliyə və spekulyativ xarakterə malik olduqları üçün bu aktivlərlə davamlı şəkildə məşğul olmaq və daimi gəlir əldə etmək iqtisadi baxımdan qeyri-sabit və riskli sayılır. Qiymətlərin kəskin dalğalanması, bazarın informasiya və gözləntilərə həssaslığı, eləcə də tənzimləyici mexanizmlərin olmaması bu aktivləri xüsusilə yüksək risk kateqoriyasına daxil edir.

Azərbaycan kontekstində isə qeyd etmək lazımdır ki, ölkədə kriptovalyutalara maraq göstərən fərdi investorlar mövcuddur. Bu, geniş ictimai kütləni əhatə etməsə də, müəyyən sayda fərdi şəxslər müxtəlif beynəlxalq onlayn platformalar vasitəsilə kriptovalyuta alqı-satqısı ilə məşğul olurlar. Bu fəaliyyət əsasən şəxsi maraq və potensial gəlir əldə etmək niyyəti ilə həyata keçirilir və hələlik strukturlaşmış və ya institusional səviyyəyə keçməyib”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər