Qəbr əzabı dedikdə nəyi başa düşməliyik?


“Qəbir əzabı ilə bağlı Qur’an-ı Kərimdə açıq-aydın şərtlər olmasa da, Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) hədislərində bu məsələ ciddi şəkildə toxunulmuşdur. İnsan dünyadan köçəndən sonra qəbirin ilk gecəsində sual-cavab başlayır: Rəbbin kimdir? Qiblən haradır? Kitabın nədir? Rəsulun, Peyğəmbərin kimdir? Bu suallar verilir və cavablandırıldıqdan sonra hər bir insanın əməlinə görə qəbirdə azab yaşanır”. Bu sözləri SİA-ya açıqlamasında “Heydər” məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev deyib.

Onun sözlərinə görə, bəzi insanlar düşünə bilər ki, əgər o şəxs suda boğulubsa, su ona necə azab ola bilər? Yaxud odda yanıbsa, od ona necə azab verə bilər? Amma bu, Allah üçün çətin deyil. Allah istəsə, su, od və ya hava vasitəsilə insanlara azab verə bilər: “Məqsəd insanlara verilən azabın dəhşətindən çox, onların həyatlarını necə yaşadıqlarını xatırlatmaqdır. İnsan bu dünyanı elə yaşamalıdır ki, Allahın huzuruna gedəndə onun yeri hazır olsun. O yerdə əməlinə görə ağır qəbir əzabı çəkə bilər və ya yaxşı əməl sahibi olduqda qəbirin sıxıntısını az da olsa hiss edə bilər.

Qəbir əzabının mövcudluğu hədislərdə mütləq şəkildə təsdiqlənir. İslam alimləri və Peyğəmbərimiz bu haqda aydın ifadələr işlədiblər və buna inanmaq hər bir müsəlmanın iman şərtlərindəndir”.

Əlaqəli Xəbərlər