“Zəif nəticə cəza səbəbi deyil, araşdırma mövzusudur”


“Uşağın zəif qiymət almasına və ümumilikdə davranışlarına valideynin və ya müəllimin verdiyi reaksiya təkcə situativ cavab deyil, eyni zamanda onun şəxsiyyətinin formalaşmasına yönəlik mühüm tərbiyə vasitəsidir. Burada əsas məsələ reaksiyanın emosional yox, məqsədyönlü və psixoloji baxımdan sağlam olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O bildirib ki, zəif nəticə cəza səbəbi deyil, araşdırma mövzusudur: “Uşağın zəif qiymət alması onun tənbəlliyindən daha çox digər faktorların nəticəsi ola bilər. Buraya biz diqqət pozuntusu, motivasiya əksikliyi, emosional yüklənmə, müəllim-şagird münasibətinin zəifliyi və ya fənnə marağın olmaması kimi amilləri daxil edə bilərik. İlk addım səbəbi birlikdə araşdırmaq, uşağı mühakimə etmədən ona özünü ifadə etmə imkanı verməkdir. Bu, həm valideyn-uşaq arasında güvəni artırır, həm də uşağın öz məsuliyyətini dərk etməsinə şərait yaradır.

Burada müsbət və mənfi davranışlara balanslı münasibət vacibdir. Tərbiyə yalnız nəticəyə fokuslanmamalıdır. Əgər uşaq yalnız yaxşı qiymətə görə mükafatlandırılırsa, o zaman onda prosesə deyil, nəticəyə yönəlmiş davranışlar formalaşır. Halbuki davamlı səy, əzm, məsuliyyət və dürüstlük kimi dəyərlər də dəstəklənməlidir.

Nəzərə almaq lazımdır ki, tərbiyənin əsasında ardıcıl münasibət durur. Təsadüfi reaksiyalar xüsusən də emosional və dəyişkən münasibətlər uşağın psixoloji sabitliyini poza bilər. Sağlam tərbiyə ardıcıl və sabit davranış nümunələri ilə formalaşır; sakit, anlayışlı və istiqamətverici rəftar modeli uşağın daxili nizamını formalaşdırır”.

“Əgər reaksiya şüurlu şəkildə qurulubsa, bəli. Ancaq emosional partlayışlar, müqayisələr (“filankəs belə etdi, sən edə bilmədin”), ya da qorxu ilə tərbiyə yalnız qorxu və etibarsızlıq doğurur. Reaksiya vasitəsilə deyil, münasibətlə tərbiyə daha uzunmüddətli və dəyər yönümlü olur.

Hər bir davranışın arxasında ehtiyacı anlamaq lazımdır. Uşağın neqativ davranışı müvəqqəti reaksiyadır, arxasında isə ehtiyac, duyğu və çatışmazlıq gizlənə bilər. Məsələn, diqqət çəkmək, dəyər hissi əldə etmək, qorxusunu ifadə etmək və ya etiraz bildirmək buraya aiddir. Əgər valideyn və ya müəllim bu davranışın arxasındakı ehtiyacı anlaya bilirsə, o zaman doğru və effektiv yanaşmanı tətbiq edə bilər.

Reaksiya ilə yox, sağlam münasibətlə tərbiyə formalaşır. Uşaq təkcə qiymətlə deyil, şəxsiyyət olaraq dəyərli olduğunu hiss etdikdə o zaman böyüyər, məsuliyyət daşıyar və özünə güvənən fərd olar” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər