“Yaşıl transformasiyasının əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbirləri aparılacaq”


“Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər), iqlim dəyişiklikləri ilə mübarizə, təmiz enerji və enerji səmərəliliyinin artırılması sahələrini əhatə edir. 2016-cı ildə qüvvəyə minmiş Paris Sazişi isə bütün ölkələrin istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün birgə fəaliyyət göstərmələri öhdəliyini özündə ehtiva edir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı KOSGEB KOM Mütəxəssisi Emre Gürleyik video – görüntü formatında deyib.

Onun sözlərinə görə, 2019-cu ildə istifadəyə verilmiş Avropa Yaşıl Razılaşması isə 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq məqsədilə az emissiyalı texnologiyalar, dayanıqlı məhsullar və xidmətlər üçün qlobal bazarda mövcud olan əhəmiyyətli potensialın səfərbər edilməsini hədəfləyir: “Avropa İttifaqının Emissiyaların Ticarəti Sistemi (ETS) isə karbon bazarı vasitəsilə emissiyaların azaldılmasına yönəlmiş tənzimləmə və ticarət mexanizmidir.

Uzunmüddətli məqsədlərimizi dayanıqlı inkişaf yanaşması ilə irəlilədəcək 12-ci İnkişaf Planı çərçivəsində əsas hədəflərdən biri kimi rəqabətqabiliyyətli istehsalın yaşıl və rəqəmsal transformasiya ilə təmin olunması müəyyən edilmişdir. Bu kontekstdə enerji, emal sənayesi, nəqliyyat və kənd təsərrüfatı sahələrinin texnologiya və infrastruktur investisiyaları dəstəklənəcək, yaşıl və rəqəmsal bacarıqların inkişafı təmin olunacaq, maliyyələşdirmə və stimullaşdırma mexanizmləri yaradılacaq.

Təchizat sənayesinin yaşıl transformasiyasının əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbirləri aparılacaq, bu sahədə fəaliyyət göstərən istehsalçılara əhatəli və məqsədyönlü dəstək göstəriləcək, həmçinin aparıcı istehsalçıların istiqamətverici rolunu gücləndirmək məqsədilə rəqabətqabağı proqramlar həyata keçiriləcək” – deyə o əlavə edib.

Əlaqəli Xəbərlər