Vyetnam Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycanda…


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq edir və bir sıra qlobal və regional təşəbbüslərdə fəal iştirak göstərir. Bununla yanaşı, beynəlxalq hüquqi münasibətlərin möhkəmləndirilməsi məqsədilə tərəfdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir.

Bu çərçivədə, Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə mayın 19-dan 23-dək Bakı şəhərində həmin beynəlxalq təşkilatın Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü keçirilir.

Vyetnam Sosialist Respublikasının Baş Prokurorunun müavini Nquyen Quanq Dunqun rəhbərlik etdiyi nümayəndə heyəti həmin beynəlxalq tədbirlərdə iştirak məqsədilə ölkəmizdə səfərdədir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Mayın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Vyetnam nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Baş prokuror Kamran Əliyev Azərbaycan ilə Vyetnam arasında mövcud olan güclü siyasi əlaqələri və əməkdaşlığı qeyd edərək, iki ölkənin müxtəlif sahələrdə, xüsusilə hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın dərinləşdirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan ilə Vyetnam arasında uzun illərə söykənən dostluq və qarşılıqlı hörmət münasibətləri hüquqi sahədə də etimada əsaslanan fəal əməkdaşlıq üçün əlverişli zəmin yaradır.

Baş prokuror korrupsiyaya qarşı mübarizə, şəffaflıq və hüquqi islahatlar sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini diqqətə çatdırıb.

Vyetnam Sosialist Respublikasının Baş Prokurorunun müavini Nquyen Quanq Dunq isə Azərbaycan ilə hüquqi əməkdaşlığın gücləndirilməsini iki dost və strateji tərəfdaş ölkə arasında münasibətlərin təbii inkişaf mərhələsi kimi qiymətləndirib. Qonaq hüquq-mühafizə orqanları arasında bilik və qabaqcıl təcrübə paylaşımının gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdən sonra nümayəndə heyəti Baş Prokurorluğun Tarix Muzeyində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış olub, Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf mərhələlərini əks etdirən eksponatlarla maraqlanıblar.

Vyetnam nümayəndə heyətinin Azərbaycandakı işgüzar səfəri davam edir.

Əlaqəli Xəbərlər