Şərq, yoxsa Qərb üslubunda evlənək?


Dünyada Şərq və Qərb insanlarının sivilizasiyaları, hadisələrə yanaşmaları hər zaman fərqli olub. Mədəniyyət Şərqdə yaransa da, mütəxəssislər bildirirlər ki, sonradan inkişaf edən Qərb bu xüsusda Şərqi xeyli üstələyib. Xüsusilə də, Qərb insanlarında qanuna, qaydalara münasibət xeyli dərəcədə fərqlidir. Eyni zamanda ailə dəyərləri də Şərq və Qərbdə fərqlənir. Gənclər necə evliliyə üstünlük verirlər? Şərq üslubunda, yoxsa Qərb üslubunda evlilik daha yaxşıdır? Mentalitet buna icazə verirmi? Cəmiyyətimizdə indi hansı üslub hökm sürür? SİA bu suallara cavab tapmaq üçün şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Xalidə Nəcəfova: “İndiki gənclərin Şərq üslubunda evlənməsi daha yaxşıdır ki, adət-ənənələr, xoş arzu, xoşniyyət hamıya nəsib olsun. Mən məsləhət görərdim ki, Şərqə üstünlük versinlər. Böyük-kiçiyə hörmət, ailəyə, ata-anaya hörmət ancaq Şərq üslubunda olur. Qərb üslubu hər yerdə var. İndi də sosial şəbəkələrdə, televiziyada rast gəlirik. Amma bir böyük kimi Qərbi məsləhət görməzdim”.

Şəhər sakini Aydan Mirzəyeva: “Əlbəttə ki, Şərq üslubu daha uyğundur. Çünki bizim mentalitet bizi çox büyük problemlərdən qoruyur. Yəni belə olması insanların gələcəkdə yaşaya biləcəkləri xəstəlikləri də aradan qaldırır. İnsanlar bunları gözə almadan davranırlar. Bizim bilmədiyimiz, mentalitet hesab etdiyimiz şey gələcəkdəki problemlərin qarşısını alır”.

Şəhər sakini Zəhra Kazımlı: “Bu məsələdə təkcə bir nəfərin fikirlərini nəzərə almaq olmaz. Mən də Şərq üslubunu üstün tutardım. Təbii ki, mentalitetimizi bütün adət-ənənələrimizlə birlikdə qəbul etmirəm. Bir neçə xəstəlikdən xilas olmağın yolu da mentalitet olaraq gördüyümüz şeydir. Mentaliteti tam olaraq pisləmək də olmaz. Həqiqətən də, bizi təhlükələrdən qoruyur. Amma Qərb üslubunun da yaxşı tərəfləri var. Dinə bağlı olmaq, təbii ki, yaxşıdır. Böyüklərin getdiyi yolları getmək yaxşı olsa da, pis tərəfləri də var. Gənclər arzu etdikləri nikahı edə bilmirlər, həyatı yaşaya bilmirlər. Qərb üslubunda bunlara imkan var. Ona görə də, Qərbin də müsbət tərəfləri var”.

Şəhər sakini Səbinə Rüstəmova: “Məncə, hərənin öz düşüncəsi var. İnsanların özündən asılıdır. Burada nə Azərbaycan mentaliteti, nə də Qərb mentaliteti rol oynamır. Mənim üçün də heç bir fərqi yoxdur. Evlilik eynidir. Əsas odur ki, insanlar xoşbəxt olsunlar”.

Şəhər sakini Gəray İbrahimov: “Öz üslubumuza üstünlük verilsə, daha yaxşıdır. Abırlı, həyalı üslub bizimkidir. Qərb başqa millətdir. Onlar başqa mentalitetdir. Uzağa getməyək, Rusiyanın özündə də belədir. Ən yaxşı özümüzdədir, abırlı və həyalıdır. Hal-hazırda cəmiyyətimiz bir az abırdan-həyadan çıxıb. Qərbə meyl artıb”.

Şəhər sakini Etimad Məmmədov: “Mənim fikrimcə, əvvəlcə tanış olmalıdırlar, görməlidirlər ki, xasiyyətləri uyğun gəlir, yoxsa yox. Bir də məhəbbət olmalıdır. Məhəbbət də olmasa, dədə-baba üsulu olmalıdır. Valideyn seçir, evləndirir. Valideyn seçən evliliklərin 90%-i xoşbəxt olur. Ətini yesələr də, sümüyünü atmırlar. Ata-anadan qorxur, boşanmırlar. Biz belə görmüşük. Hər ölkənin özünün fundamenti var. Böyüklər belə məsləhət görürsə, ondan zərər gəlməz. Həm xeyir-dua, həm də yaşlılar bizdən ağıllıdır. Baxırlar ki, kimin qızı, kimin oğludur. Bir də məhəbbət olmalıdır. İlk baxışdan sevgi də var. Belə olan şəkildə kömək edib evləndirmək lazımdır”.

Şəhər sakini Nicat Ağazadə: “Məncə, ən çox Qərbə üstünlük verilməlidir. Çünki ilk olaraq cütlüklər tanış olmalıdırlar, sonra da alındıra bilirlərsə, davam etsinlər. Alınmasa, yolun yarısında ayrılsınlar. Ailələr uşaqlarını tanış edir, evləndirir, yola getmirlər, sonra da boşanırlar. Məncə, Qərb üslubu daha yaxşıdır”.

Şəhər sakini Mehdi Cabbarov: “Məncə, Şərq üslubu yaxşıdır. İnsanlar bir-birini tanımalıdırlar. Əgər uyğundurlarsa, o zaman evlənsinlər. Çünki yaşayıb evlənmək, məncə, düzgün deyil. Əslində hərənin bir fikri var, hörmətlə yanaşılmalıdır. Amma mən olsam, birinci görüb, tanıyıb, sonra ailələrin də məsləhətindən sonra evlənərəm. Ailələr danışandan sonra nikah, sonra da toy olur. Mən Qərb üslubuna da hörmətlə yanaşıram. Kim necə məsləhət görürsə, elə də etsin. Lakin mən bunun tərəfdarı deyiləm. Əvvəldən yaşayanda çox şeylər yaşana bilər, hər iki tərəf üçün sonra pis ola bilər. Ona görə də, mənim fikrim Şərq üslubudur”.

Əlaqəli Xəbərlər