“Azərbaycan milli toyları yalnız şənlik, mərasim deyil, eyni zamanda çox böyük bir kreativ biznesin çox böyük bir hissəsini təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, bu mərasimlər müxtəlif sahələrdən tutmuş musiqiçilər, video-foto xidmətləri, avtomobil icarəsi, qida təchizatı, geyim, saç düzümü və kosmetika xidmətlərinə qədər, minlərlə insanın və biznesin dolanışıq mənbəyinə çevrilmişdir: “Lakin bu sistemin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Son illərdə toyların şan-şöhrət yarışına çevrilməsi nəticəsində çox sayda ailə maddi çətinliklərə düşür. Bəzi valideynlər uşaqlarının toyunu “kralvari” keçirmək üçün kredit götürür, bəzən isə evlərini satmaq məcburiyyətində qalırlar. Müğənnilərə verilən yüksək qonorarlar, bahalı şadlıq sarayları, lüks dekorasiyalar və digər xərclər insanların maddi yükünü daha da ağırlaşdırır. Bütün bunların fonunda “ayağını yorğanına görə uzat” prinsipinin tətbiq olunmaması, cəmiyyətin maddi imkandan çox görüntüyə üstünlük verməsi, toylarda israfçılığın artmasına səbəb olur. Bu nəticə etibarilə ailələrin uzunmüddətli maliyyə çətinliklərinə, borclanmaya, hətta bəzi hallarda ailədaxili münaqişələrə və sosial faciələrə qədər aparıb çıxara bilir. Toyların bu qədər şişirdilmiş şəkildə keçirilməsi nəticəsində cəmiyyət “toy borcu” psixologiyası ilə yaşayır. Gənc ailələrin bəziləri toy mərasimindən sonra kredit ödəmələri ilə üz-üzə qalır və bu da ailə həyatının başlanğıc mərhələsində psixoloji və maddi gərginlik yaradır.
Gələcəkdə valideyn olmağa hazırlaşan cütlüklər üçün isə bu vəziyyət daha da çətinləşir. Təkliflərdən biri odur ki, toy mərasimlərini daha sadə, səmərəli və iqtisadi cəhətdən əlverişli formatda təşkil etmək mümkündür. Məsələn, bəzi hallarda virtual və ya hibrid toylar təşkil edilə bilər ki, bu həm qonaqların sayına nəzarət etməyə, həm də xərcləri azaltmağa imkan verir. Toydan sonra gənc cütlüklərin yaşamağa məkan tapmaması, valideynlərlə bir evdə sıx şəraitdə yaşamaq məcburiyyətində qalması ailə daxili münasibətlərin pozulmasına səbəb olur. Bu problemin həlli üçün təklif edilən yollar arasında şadlıq evlərində yeni evlənən cütlüklər üçün xüsusi otaqların ayrılması, ya da toy xərclərinin bir hissəsinin ipoteka ödənişlərinə yönəldilməsi kimi praktiki yanaşmalar yer alır. Azərbaycan toy mədəniyyəti zəngin və rəngarəngdir. Lakin bu ənənənin maddi və sosial baxımdan insanları yükləməsi, sevincin yerini narahatlığa verməsi artıq ciddi bir problemdir. Toylar sadəliyə, səmimiyyətə və münasib maliyyə planlamasına əsaslanmalıdır. Cəmiyyət bu məsələdə ictimai həmrəylik göstərməli, şəxsi nüfuz və israfçılıq yarışından uzaq durmalıdır. Əgər bu tendensiyaya “stop” deyilirsə, nəticədə Azərbaycan cəmiyyəti daha sağlam, xoşbəxt və iqtisadi baxımdan daha dayanıqlı ailələrə sahib ola bilər”.