…NATO müttəfiqləri ABŞ prezidenti Donald Trampın ordunun ÜDM-in 5 faizini xərcləməsi tələbinə cavab olaraq müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq üçün saziş hazırlamağa başlayıblar.
SİA xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı diplomatlara istinadən yazır.
Mənbələrin bildirdiyinə görə, NATO-nun iyun ayında Haaqada keçiriləcək sammiti ərəfəsində alyans müzakirəçiləri 2032-ci ilə qədər ÜDM-in 5 faizini müdafiə və bununla bağlı xərclərə sərf etmək planında irəliləyiş əldə edirlər.
Onlar qeyd ediblər ki, NATO xarici işlər nazirləri bu təşəbbüsü mayın 15-16-da Türkiyədə keçiriləcək görüşdə müzakirə edəcəklər.
Müdafiə xərclərini Trampın tələb etdiyi səviyyəyə (ABŞ daxil olmaqla NATO-nun 32 üzvündən heç biri hələ o həddə çatmayıb) artırmağa dair razılaşma Soyuq Müharibədən sonra müttəfiqlərin hərbi xərclərindəki ən böyük artım olacaq. Alyans Rusiyanın Ukraynaya müdaxiləsindən sonra əsas diqqətini yenidən silahlanmaya yönəldib.
NATO-nun baş katibi Mark Rutte növbəti 7 il ərzində ÜDM-in 3,5 faizi, üstəgəl daha geniş müdafiə xərcləri üçün əlavə 1,5 faizlik yeni hədəf üçün səy göstərir, adının açıqlanmasını istəməyən diplomatlar deyib.
Bu barədə ilk olaraq Reuters xəbər yayıb.
Eyni zamanda, agentlik qeyd edib ki, Türkiyədə nazirlər əlavə 1,5 faizə hansı konkret xərclərin, xüsusən də hərbi mobillik, ikili təyinatlı mallar və kibertəhlükəsizlik kimi xərclərin daxil edilə biləcəyini müzakirə edəcəklər.
Bunun mövcud xərclərə aid olub-olmaması və ya yeni öhdəliklərə ehtiyac olub-olmadığı hələ aydın deyil.
Ruttenin təşəbbüsü həm də indiki daha çevik hədəflərdən fərqli olaraq ciddi yoxlama mexanizminin yaradılmasını nəzərdə tutur.
Bir avropalı diplomatın qeyd etdiyi kimi, qısa müddətdə xərclərin belə kəskin artması böyük problem olardı, baxmayaraq ki, çoxları artıq Kremlə qətiyyət nümayiş etdirməyi zəruri hesab edir.
Agentlik yazır ki, 3,5 faizlik yeni baza rəqəmi NATO-nun hazırda inkişaf etdirdiyi genişmiqyaslı müdafiə planlarına əsaslanır.
Alyans artıq üzv hökumətlərə müdafiə nazirlərinin iyunun əvvəlində Brüsseldə müzakirə edəcəkləri silah və imkanların ətraflı məxfi siyahılarını (“qabiliyyət hədəfləri”) göndərib.
Bu siyahıların iyunun 24-25-də Haaqada keçiriləcək sammitdə rəsmən təsdiqlənəcəyi gözlənilir.
Məsələ ilə yaxından tanış olan insanların fikrincə, Rutte-nin başqa bir təşəbbüsü alyansın səmərəliliyi və daxili idarəçiliyində islahatlara aiddir.
Bir diplomat hesab edir ki, bu addım ABŞ prezidenti üçün maraqlı ola bilər.
Əli Babayev