“Şirniyyat mağazalarında təqdim olunan məhsullar həm görünüş, həm də dad baxımından ev şəraitində hazırlanan şirniyyatlardan xeyli fərqlənir. Eyni reseptlə evdə hazırlansa belə, eyni nəticəni əldə etmək çox zaman mümkün olmur. Bu fərqliliyin yaranmasının bir neçə əsas səbəbi vardır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qida təbliğatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, əvvəla, peşəkar avadanlıq amili nəzərə alınmalıdır: “Şirniyyat mağazalarında istifadə olunan soba, mikser, soyuducu və digər cihazlar daha dəqiq temperatur və qarışdırma imkanları təqdim edir. Məsələn, sənaye tipli sobalarda istilik bərabər və stabil şəkildə yayılır ki, bu da məhsulun həm bərabər bişməsini, həm də düzgün tekstura və rəng almasını təmin edir.
İkinci mühüm səbəb isə ixtisaslaşmış texnoloji bilik və təcrübədir. Peşəkar şirniyyatçılar məhsulların konsistensiyası, şəkərin karamelizə olunma dərəcəsi, unun tipi və digər incə detallar üzərində çalışaraq keyfiyyəti artırırlar. Bu cür incəliklər ev şəraitində çox zaman nəzərə alınmır və nəticə istənilən kimi olmur.
Digər mühüm fərq isə əlavə maddələrin istifadəsi ilə bağlıdır. Şirniyyat istehsalında bəzi hallarda məhsulun rəngini, dadını və saxlanma müddətini yaxşılaşdırmaq üçün müxtəlif kimyəvi və texnoloji əlavələrdən istifadə olunur. Emulqatorlar yağ və su kimi qarışmayan maddələrin homogen qarışmasını təmin edir. Stabilizatorlar məhsulun formasını və quruluşunu qoruyur. Dadlandırıcılar və ətirvericilər şirniyyatlara xüsusi aroma və dad qatır. Rəngləndiricilər məhsulların daha cəlbedici görünməsi üçün istifadə olunur. Bəziləri təbii, bəziləri isə süni mənşəlidir. Saxlama müddətini artıran konservantlar məhsulun xarab olma vaxtını gecikdirir”.
Asim Vəliyev qeyd edir ki, bu maddələr normativ sənədlərə əsasən müəyyən hədlər daxilində istifadəyə icazəlidir və onların sağlamlığa zərər verməməsi üçün ciddi nəzarət mexanizmləri tətbiq olunur: “Lakin ev şəraitində bu maddələrdən istifadə olunmadığı üçün həm dad, həm də görünüş fərqli alınır.
Şirniyyat mağazalarında bişirilən məhsullarla evdə hazırlanan şirniyyatlar arasında fərqlilik həm texniki imkanlar, həm də istifadə olunan maddələrdən irəli gəlir. İstehlakçılar bu fərqliliyi nəzərə almalı və tərkibə diqqətlə yanaşmalıdırlar. Eyni zamanda ev şəraitində təbii məhsullardan istifadə etməklə daha sağlam seçimlər hazırlamaq mümkündür”.