Azərbaycan Almaniyada keçiriləcək “GITEX Europe” tədbirində təmsil olunacaq


Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Vüsal Xəlilov mayın 21-23-də Almaniyanın paytaxtı Berlində keçirilicək “GITEX Europe” tədbirində iştirak edəcək. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Sədr müavini qeyd edib ki, tədbirdə Azərbaycanın qabaqcıl tənzimləmə yanaşması vasitəsilə fintex innovasiyalarını necə irəli apardığı barədə fikirlərini bölüşəcək: “Yanaşmada rəqəmsallaşma maliyyə sektorunun transformasiyasının əsas hərəkətverici qüvvəsi kimi ön plandadır. Tədbirdə maliyyə xidmətlərinin müasirləşdirilməsi və əlçatanlığının artırılması üçün rəqəmsallaşmanın rolu, daha çevik və effektiv nəzarət üçün risk əsaslı tənzimləmə yanaşmaları, daha ağıllı qərarların və innovasiyaların dəstəklənməsi üçün məlumat və süni intellektin tətbiqi və kiber təhdidlərə davamlı və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan rəqəmsal maliyyə ekosisteminin qurulması kimi mövzulara toxunacam”.

“GITEX Europe” tədbiri “GITEX GLOBAL” şəbəkəsinin bir hissəsi kimi bu il ilk dəfə Messe Berlin sərgi mərkəzində keçiriləcək. Tədbir Avropanın texnologiya və startap ekosistemini bir araya gətirərək, rəqəmsal transformasiya və innovasiyaları təşviq etməyi hədəfləyir, süni intellekt, kvant texnologiyaları, kibertəhlükəsizlik, yaşıl texnologiyalar və Web 3.0 kimi sahələrdə ən son yenilikləri təqdim edəcək. Tədbirdə 2 500-dən çox sərgi iştirakçısı, 1 500-dən çox startap və 100-dən çox ölkədən nümayəndələr iştirak edəcək.

Əlaqəli Xəbərlər