“Azərbaycan bərpa-quruculuq prosesində unikal təcrübə sərgiləyir”


“İşğaldan azad olunmuş ərazilərin bərpası ilk növbədə burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, Ağdamın Kəngərli kəndinə də artıq həyat qayıdıb: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri, burada yeni istifadəyə verilən obyektlər, Kəngərli sakinlərinin qayıdışı Azərbaycanın postmünaqişə dövründəki gücünü göstərir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsi olan 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Reallıq bundan ibarətdir ki, nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmayıb və elə görünür ki, qazanmayacaq”. Biz müharibəni müvəqqəti atəşkəs, qeyri-müəyyən sülhlə yox, tam qələbə ilə bitirməklə fərqlənirik.

Azərbaycan həm də bərpa-quruculuq prosesində unikal təcrübə sərgiləyir. Öz imkanları və resursları hesabına erməni işğalının izlərini təmizləyir. Keçmiş məcburi köçkünlərin qayıdışı yeni dövrün əsas prioritetidir. Artıq 14 yaşayış məntəqəsi istifadəyə verilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirənə yetirən, müxtəlif müəssisələrdə işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır. “Böyük Qayıdış Proqramı”nın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq.

Azərbaycan həm də azad olunmuş ərazilərimizdə milli ənənələrimizi bərpa edir. Ağdam Muğam Mərkəzinin istifadəyə verilməsi, burada incəsənət xadimləri ilə təşkil olunan yüksək səviyyəli görüş də ölkəmizdə muğam mədəniyyətinin milli-mənəvi dəyərlərin tərkib hissəsi olduğunu bir daha təsdiqlədi. Ümumiyyətlə, muğam sənətinə hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev hər zaman qayğı göstərib. Eyni yanaşma müstəqillik dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən də davam etdirilir. Təsadüfi deyil ki, 2018-ci ildə Ağdamın Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışı baş tutmuşdu. Bu gün isə azad Ağdamda belə bir mərkəz fəaliyyətə başladı”.

Əlaqəli Xəbərlər