Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya həyata keçirilib. SİA xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən aksiya çərçivəsində hər rayondan 50 nəfər olmaqla, 6-18 yaş arası ümumilikdə 200 uşaq və yeniyetməyə velosipedlər və onlara uyğun təhlükəsizlik ləvazimatları hədiyyə olunub.
Mütəmadi olaraq keçirilən, bu təşəbbüsün əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, fiziki aktivliyi təşviq etmək, eləcə də ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir.
Tədbirdə iştirak edən uşaqlar təqdim olunan hədiyyələri böyük sevinclə qarşılayıb, təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.