Kim gecə növbəsində çalışa bilməz?


“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır: “Həmin Məcəllənin 254-cü maddəsinə görə isə, yaşı 18-dən az olan işçilər üçün axşam saat 20-dən səhər saat 7-dək olan müddət gecə vaxtı hesab edilir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.



Fariz Əkbərov sözlərinə belə davam edib: “Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2024-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Əmək Məcəlləsində bəzi dəyişikliklər həyata keçirilib.

Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasın gecə vaxtı yerinə yetirilən işlərə işçilərin cəlb edilməsində bəzi məhdudiyyətlər aradan qaldırılıb. Dəyişiklikliyə qədər Əmək Məcəlləsinin 98-ci maddəsinin birinci hissəsinə əsasən, gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə heç bir halda icazə verilmirdi. Son dəyişiklikdən sonra gecə vaxtı yerinə yetirilən işlərə yalnız yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilməyəcək.

Əmək Məcəlləsinin 98-ci maddəsinə əlavə edilən 3-cü hissəyə əsasən, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

Dəyişiklikdən göründüyü kimi, hətta hamilə qadılnlar da gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilə bilər.

Çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam. saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir.

Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər