Mayın 10-da Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin Bəhreyn Krallığının nüfuzlu ingilisdilli mətbu orqanı olan “The Daily Tribune News of Bahrain” qəzetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Əsrləri aşan irs” (Heydar Aliyev: A Legacy Beyond Centuries) başlıqlı müəllif məqaləsi dərc olunub. SİA xəbər verir ki, məqalədə səfir Azərbaycan xalqının bu əlamətdar tarixi dərin ehtiram və minnətdarlıq hissi ilə qeyd etdiyini vurğulayaraq, Heydər Əliyevin XX və XXI əsrlərin dönüş nöqtələrində ölkənin siyasi, iqtisadi və ictimai inkişafına göstərdiyi misilsiz töhfələri tarixi və siyasi kontekstdə təhlil edib. O, Ümummilli Liderin həm Sovet dövründə, həm də müstəqillik illərində sərgilədiyi rəhbərlik qabiliyyəti və strateji baxışları ilə müasir Azərbaycan dövlətçiliyinin əsaslarını formalaşdırdığını qeyd edib.
Diplomat məqaləsində xüsusi olaraq vurğulayıb ki, 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildikdən sonra Heydər Əliyev milli iqtisadiyyatın sənayeləşməsi, elmi-texniki tərəqqi və təhsil sahəsində ciddi struktur islahatları həyata keçirməklə, milli kimliyin qorunması və inkişafı istiqamətində önəmli addımlar atıb.
1993-cü ildə ölkənin mürəkkəb daxili və xarici siyasi şəraitində Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin həyata keçirdiyi islahatlar, ölkəni dərin siyasi və iqtisadi böhrandan çıxararaq sabitlik və davamlı inkişaf trayektoriyasına gətirib. Onun əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli birliyin möhkəmlənməsində və dövlət quruculuğunun ideya-siyasi təməlində əsas rol oynayıb.
Səfir Ş.Abdullayev, həmçinin 1995-ci ildə qəbul edilən Konstitusiyanın hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu baxımından əsas hüquqi baza rolunu oynadığını, Heydər Əliyevin siyasi uzaqgörənliyi və idarəçilik təcrübəsinin Azərbaycanın müstəqilliyinin qorunması və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında həlledici təsir göstərdiyini qeyd edib.
Məqalədə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbənin, Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş milli təhlükəsizlik və güc siyasətinin məntiqi davamı olduğu vurğulanıb. Hazırda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma, reinteqrasiya və dayanıqlı inkişaf tədbirləri bu dövlətçilik strategiyasının davamı kimi təqdim olunub.
Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal və prinsipial mövqe tutduğunu, ölkənin COP29 kimi qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi və Cənub Qaz Dəhlizi kimi strateji enerji layihələri ilə regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin Azərbaycanın beynəlxalq liderlik statusunu daha da gücləndirdiyini bildirib.
Məqalənin sonunda Şahin Abdullayev qeyd edib ki, Heydər Əliyevin siyasi irsi, müdrikliyi, xalqına və dövlətinə olan sədaqəti bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji və institusional təməlini təşkil edir və gələcək nəsillər üçün yol göstərən nümunəvi liderlik modelidir.