Kanadada “Azərbaycan İrs Günü” adlı tədbir təşkil olunub


Kanadanın Ontario Qanunvericilik Assambleyasında ilk dəfə olaraq “Azərbaycan İrs Günü” adlı tədbir keçirilib.

SİA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təsis edilməsinin 10-cu ildönümünə həsr olunmuş tədbir Azərbaycanın və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin moderatoru Kanadanın sabiq multikulturalizm və vətəndaşlıq naziri Toni Ruprext olub. O, “Vətən” təşkilatının Azərbaycanın zəngin tarixi-mədəni irsinin, adət-ənənələrinin Kanadada təbliği istiqamətində əvəzsiz rol oynadığını qeyd edib. T.Ruprext dəfələrlə bu təşkilatın tədbirlərinə qatıldığını və hər dəfə Azərbaycanla bağlı yeni, maraqlı məlumatlar öyrəndiyini bildirib.

Mərkəzin rəhbəri Lalin Həsənova qonaqlara iştirakları üçün minnətdarlığını ifadə edib və təşkilatın yaranma tarixindən söz açıb. O, həmçinin Toronto şəhərindəki Kanada Azərbaycan Evinin fəaliyyətini də diqqətə çatdırıb. “Biz elə bir ölkədə məskunlaşmışıq ki, köklərimizə bağlılığımızı itirməmək üçün bizə hərtərəfli imkanlar yaradılıb və biz də bunu dəyərləndiririk”, – deyə mərkəzin rəhbəri vurğulayıb.

Tədbirdə çıxış edən Ontario parlamentinin üzvləri – Rudi Kuzetto, Mohamed Firin, Maykl Tibbolo, Şerif Sabavi, Kris Qlover, Ceymi Vest, Kristin Vonq-Tam, Stefani Buman, Andrea Hezel mərkəzin böyük işlər gördüyünü, bu işlərin sayəsində Azərbaycan haqqında dolğun informasiya əldə etdiklərini söyləyiblər. Deputat Andrea Hezel yubiley münasibətilə rəsmi təbrik məktubunu Lalin Həsənovaya təqdim edib. Tədbirin təşkilində xüsusi rolu olan deputat bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Tədbirdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə şagirdlərin rəqsləri və nağara müəllimi Cəmhur Hüseynovun rəhbərliyi ilə nağara qrupunun ifaları alqışlarla qarşılanıb.

Günel İsmayılovanın pianonun müşayiəti ilə “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının rəhbəri Şervin Şadpurun ifasında səsləndirilən “Vətən” mahnısı tədbirə xüsusi ahəng qatıb.

Mərasimdə Kanada rəsmiləri, icma üzvləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Başqırdıstan, Krım Tatarları, Türkmənistan və s. türk xalqlarının icma rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, “Vətən” İncəsənət və Mədəniyyət Mərkəzi xalqımızın milli dəyərlərini yaşadaraq yeni nəsillərə ötürməklə yanaşı, Azərbaycanın haqq səsinin Kanadada çatdırılması istiqamətində mühüm işlər də görür.

Əlaqəli Xəbərlər